XƏBƏRLƏR
23:53, 17.03.2014
GƏNC ALİM VƏ MÜTƏXƏSİSLƏR ŞURASININ GƏNC ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər şurası Genetik Ehtiyatlar İnstitutunda gənc alimlərlə görüş keçirmişdir. Məqsəd institutda çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, həmçinin onlara yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemlərinin həlli istiqamətində müzakirələr aparmaqdır.

İnstitutun direktoru, aqrar elmləri üzrə elmlər doktoru Zeynal Əkpərov qonaqları salamlamış, institutda çalışan gənc kadrlara xüsusi diqqət və önəm verildiyini bildirmişdir. Qeyd etmişdir ki, tədqiqatlarda gənclərin potensialına daha çox yer verilir, onların xaricdə keçirilən konfrans, seminar, təlim və digər tədbirlərdə iştirakı təmin edilir. Z.Əkpərov bütün bu işləri institutun kadr siyasətinin tərkib hissəsi kimi diqqətə çatdırmışdır.

Elmi işlər üzrə direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov çıxış etmiş, gənc alimlər üçün tədqiqat imkanları yaradan və təcrübə qazandıran “Mariya Skladovskaya-Küri” və “Erasmus Mundus” proqramları haqqında məlumat vermişdir.

Daha sonra institutun gənc alim və mütəxəsislər şurasının sədri Məhəmməd Eldarov çıxış etmiş, “Azərbaycan Gəncliyi 2009-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində ölkənin ictimai siyasi, sosial iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsinə xüsusi diqqət ayrıldığını bildirmişdir.

Görüşdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika elmləri üzrə fəlsəfə doktoru Famin Salmanov müasir dövrün aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin ölkədə uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etmiş və gəncləri maraqlandıran bəzi suallara cavab vermişdir.

Sonda qonaqlar institutun Genbankı ilə tanış olmuşlar.