Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, professor Naib Əminov XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınının təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş soyqırım olduğunu bildirib. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verən N.Əminov qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa sığmaz soyqırım aktı törədiblər: “Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilərək öldürülmüş, 487 nəfərə ağır xəsarətlər yetirilmiş, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışdır”.
İnstitutun böyük elmi işçisi Əkbər Kərimov öz çıxışında bu hadisələrin canlı şahidi olduğunu, ailə üzvlərinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirdiyini bildirib.
Tədbirdə çıxış edən institutun “Bitki fiziologiyası” şöbəsinin müdiri, professor Ramiz Əliyev və Həmkarlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov da soyqırımın acı xatirələrindən danışıblar.
Sonda Xocalı soyqrımını əks etdirən videoçarx nümayiş etdirilib.
© AGRİ - www.genres.az