Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmləri üzrə elmlər doktoru Zeynal Əkpərov Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının üzvü, sloveniyalı Darja Radiki qəbul etmişdir. Görüşdə məqsəd Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimində alimlərimizlə məsləhətləşmək olmuşdur. Z.Əkpərov Azərbaycanda bitki genetik ehtiyatlarının inkişafı, həmçinin, yüksək məhsuldarlığa və keyfiyyətə malik yeni bitki sortlarının yaradılması istiqamətində institutun təcrübəsi və tədqiqatları barədə danışmışdır. O, ölkəmizin yüksək potensiala malik, export dəyəri olan və daşınmaya davamlı bitki məhsulları haqqında qonaqlara məsləhətlər vermişdir.
Tərəflər yüksək məhsuldarlığı ilə fərqlənən meyvə və tərəvəzlərlə bağlı müzakirələr apardıqdan sonra nar, fındıq və pomidor üzərində dayanmışlar. Siyahıya daxil ediləcək ilk bitki çoxsaylı faydalı əlamətləri ilə seçilən, məhsulu uzun müddət saxlanıla bilən nar bitkisi nəzərdə tutulmuşdur.
Dünya Bankının siyahısında yer alan bitkilər iki meyar üzrə müəyyənləşdirilir, bitkinin indiki, keçmiş, gələcək potensial göstəriciləri və investisiya qoyuluşunun səviyyəsi əsas götürülür.
Görüşdə institutun Meyvə bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova və Subtropik bitkilər laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev də iştirak etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası
Genetik Ehtiyatlar İnstitutunun məlumatı
Telefon: 449 92 21
© Bütün hüquqlar qorunur. AGRİ - www.genres.az