Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi b.ü.f.d. Eldar Mustafayev 3 ay müddətində (oktyabr-dekabr 2013) ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində Vaşinqton Dövlət Universitetində (http://ird.wsu.edu/new-borlaug-fellow-from-azerbaijan-arrives/) həmin universitetin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, dünya şöhrətli alim, professor Hanu R.Pappunun rəhbərliyi altında dənli taxıl bitkilərində yayılmış və kifayət qədər ciddi problemlər yaradan virus xəstəliklərini tədqiq etmişdir. E.Mustafayev ekspedisiyalar yolu ilə Azərbaycanın müxtəlif regionlarından toplanmış mədəni və yabanı bitki nümunələrində virus xəstəliklərinin yayılmasını, bu xəstəlikləri əmələ gətirən virusların növ tərkibini və onların bitkilərdə əmələ gətirdiyi dəyişikliyi öyrənmişdir. Ümumilikdə, 1100 nümunə tədqiq edilmişdir ki, nəticədə dənli taxıl bitkilərində geniş yayılmış və kifayət qədər məhsul itkisi ilə nəticələnən müxtəlif növ viruslar aşkar olunmuşdur. Bu virusların geniş növ müxtəlifliyinin olduğunu nəzərə alaraq, onların müxtəlif ayzolitlərinin aşkar olunması üçün praymerlər dizayn edilmiş, müəyyən metodikalar işlənib hazırlanmışdır. Bu metodikaların tətbiqi ilə olduqca uğurlu nəticələr əldə olunmuşdur. Layihənin yekunu olaraq Eldar Mustafayev Wasington Dövlət Universitetində USDA-nın əməkdaşlarının iştirakı ilə “POPULATION STRUCTURE AND GENETIC DIVERSITY OF CEREAL VIRUSES” mövzusunda seminar vermişdir. Tədqiqatlarla əldə olunmuş nəticələr seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilərək onların Azərbaycanın kənd təsərrüfatında böyük rolu olacağı qeyd edilmişdir. Sonda, əldə olunan uğurlu nəticələrə görə E.Mustafayev sertifikatla təltif olunmuş, AMEA Genetik Ehtiyatlar İnstitutu və Vaşinqton Dövlət Universiteti arasında gələcək əlaqələrin davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir