XƏBƏRLƏR
12:06, 21.01.2014
Regionun ən müasir genom tədqiqatları laboratoriyası qurulmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə (EİF-2012-2(6)-39/03/3) çərçivəsində 2013-cü ilin sonlarında AMEA Genetik Ehtiyatlar İnstitutunda “Gələcək Nəsil Sekvenseri” (Ion PGM və Ion Proton) quraşdırılmışdır.

Gələcək Nəsil Sekvenserinin yaradılması ilə genomika, molekulyar biologiya, biotexnologiya və genetikanın fundamental problemlərinin tədqiqi istiqamətində əvvəllər mövcud olmayan çox geniş imkanlar açılmışdır. İnsan genomunun 10 il ərzində tam oxunması yalnız sekvenserlərin istifadəsi ilə mümkün olmuşdur. Dünyanın bir çox aparıcı beyin mərkəzlərində “Life Technologies” şirkətinin alimləri tərəfindən hazırlanmış Gələcək Nəsil Sekvenserlərindən uğurla istifadə olunur. Belə ki, şirkət tərəfindən yaradılmış Ion PGM sekvenseri ilə nisbətən kiçik (1Gb), Ion proton sekvenserilə isə böyük ölçülü genoma (1-100 Gb) malik orqanizmlərin genomunun tez və mükəmməl şəkildə oxunması həyata keçirilir. Bu gün Gələcək Nəsil Sekvenserləri ilə insan genomunun oxunmasına cəmi 3 saat vaxt sərf edilir. Bu texnologiyanın imkanlarından istifadə etməklə, Azərbaycanda, ilk dəfə olaraq, canlı orqanizmlərin genomunun de-novo sekvensi və resekvensi, o cümlədən, insan genomu üzrə tədqiqatlar, bitki genetik ehtiyatlarının tək nukleotid polimorfizminə görə pasportlaşdırılması, asossiativ və genetik xəritələnməsi, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, genom seleksiyası və genetik modifikasiya olunmuş orqanizmlərin təyini üzrə ən müasir tədqiqat işləri həyata keçiriləcəkdir. 2014-cü ildə layihə çərçivəsində İnstitutda bir neçə seminar təşkil olanmaqla yanaşı, 5 nəfər gənc tədqiqatçının 1-2 ay müddətində ABŞ, Fransa, İngiltərə, İsrail və Türkiyədə təlim kursu keçməsi planlaşdırılmışdır. Hal-hazırda qeyd olunan ölkələrin ən qabaqcıl genomika və biotexnologiya laboratoriyaları ilə müzakirələr aparılır. 

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir