XƏBƏRLƏR
22:03, 24.10.2013
Genetik Modifikasiya Olunmuş Bitkilər (GMOB) üzrə Ekspert Şurasının üzvləri Şəki-Zaqatala zonasında ekspedisiyada olmuşlar

18-22 oktyabr  2013-cü il tarixlərində "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura"nın tərkibində fəaliyyət göstərən “Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert şurası”-nın sədri, b.ü.f.d. Mehrac Abbasov (AMEA Genetik Ehtiyatlar İnstitutu) və şuranın üzvüləri - b.ü.f.d. Elxan Əliyev (Kənd Təsərrüfatı Nazirliyi), b.ü.f.d. Ayaz Məmmədov (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) və b.ü.f.d. Cavid Ocaqi (AMEA Genetik Ehtiyatlar İnstitutu) respublikada yayılması ehtimal olunan geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə Şəki-Zaqatala zonasında ekspedisiyada olmuşlar. Ekspedisiya zamanı Şəki və Zaqatala rayon İcra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, Aqrar Elm Mərkəzinin regional bölmələrinin və AMEA Genetik Ehtiyatlar İnstitutunun Şəki dayaq məntəqəsinin əməkdaşları ilə görüş keçirilmişdir. Görüşlər zamanı  “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu və  qanunun 21-ci maddəsinə görə  Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsinin qadağan olunması diqqətə çatdırılmışdır. Ekspedisiya zamanı bir çox bitkilərin toxum materiallarından analiz üçün nümunə götürülmüşdür.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir