XƏBƏRLƏR
16:00, 12.11.2026
Azərbaycanın yabanı alça genofondunun genetik müxtəlifliyinə dair tədqiqat beynəlxalq elmi jurnalda dərc olunub
AR ETN Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı b.ü.f.d., dosent Elçin Hacıyevin rəhbərlik etdiyi elmi tədqiqatın nəticələri beynəlxalq nüfuzlu Springer Nature nəşriyyatının “Genetic Resources and Crop Evolution” jurnalında dərc olunub.
“Genetic diversity of Azerbaijani wild cherry plum (Prunus cerasifera Ehrh) populations using inter simple sequence repeat (ISSR) markers)” adlı məqalədə Azərbaycanın müxtəlif coğrafi bölgələrindən toplanmış yabanı alça genotiplərinin genetik müxtəlifliyi və populyasiya strukturu araşdırılıb.
Tədqiqat çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 100 yabanı alça genotipinin genetik xüsusiyyətləri 20 ISSR molekulyar praymerindən istifadə edilməklə qiymətləndirilib. Molekulyar analizlər nəticəsində 157 lokus müəyyən edilib ki, onlardan 128-i (81,9%) polimorf olub. Bu göstərici tədqiq olunan genotiplər arasında yüksək genetik müxtəlifliyin mövcudluğunu təsdiqləyir.
Araşdırmada genotiplərin genetik oxşarlıq və fərqlilikləri əsasında beş əsas klaster müəyyən edilib. Molekulyar variasiyanın təhlili (AMOVA) ümumi genetik variasiyanın 96%-i qruplar daxilində, yalnız 4%-i isə qruplar arasında paylandığını göstərib.
Tədqiqatın nəticələri Azərbaycanın yabanı alça populyasiyalarının zəngin genetik müxtəlifliyə malik olduğunu nümayiş etdirir. Əldə olunan elmi nəticələr yerli bitki genetik ehtiyatlarının molekulyar səviyyədə xarakterizə edilməsi, biomüxtəlifliyin mühafizəsi və gələcək seleksiya proqramlarında qiymətli genotiplərdən səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
DOI identifikatoru: 10.1007/s10722-026-02817-5.