XƏBƏRLƏR
15:57, 12.11.2026
Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru təyin edilib
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar İldırım qızı Kərimova AR ETN Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilib. O, eyni zamanda, müvəqqəti olaraq institutun baş direktorunun səlahiyyətlərini icra edəcək.
Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova yeni icraçı direktoru institutun kollektivinə təqdim edib.
Təqdimat zamanı institutun gələcək fəaliyyət istiqamətləri, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin praktiki tətbiqi məsələləri müzakirə olunub.
Nigar Kərimova 1993-cü il noyabrın 23-də Bakı şəhərində anadan olub. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya ixtisası üzrə bakalavr, 2015–2016-cı illərdə isə Böyük Britaniyanın Aberdin Universitetində genetika ixtisası üzrə magistr təhsili alıb.
2023-cü ildə xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyasına həsr olunmuş dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2016-cı ildə Genetik Ehtiyatlar İnstitutunda başlayan Nigar Kərimova 2024-cü ilədək burada elmi fəaliyyətlə məşğul olub. Eyni zamanda, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. Türkiyənin Ege Universitetində elmi tədqiqatlar aparıb. 2024–2025-ci illərdə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq vəzifəsində çalışıb.