XƏBƏRLƏR
12:17, 04.06.2026
Genetik Ehtiyatlar İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institut rəhbərliyi bildirib ki, insan hüquq və azadlıqlarının qorunması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun hüquqi mexanizmlərin tətbiqi bu sahədə mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, insan hüquqlarının qorunması və təşviqi yalnız dövlət qurumlarının deyil, eyni zamanda elm və təhsil müəssisələrinin də mühüm vəzifələrindən biridir.
Həmçinin vurğulanıb ki, müasir dövrdə genetika, biotexnologiya və biomüxtəliflik sahələrində aparılan elmi tədqiqatlar bioetika, şəxsi məlumatların məxfiliyi və insan hüquqlarının qorunması məsələləri ilə sıx bağlıdır. Bu baxımdan elmi fəaliyyət zamanı etik prinsiplərə və beynəlxalq standartlara riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Daha sonra məruzə ilə çıxış edən Rzaqulu Hacıyev insan hüquqlarının müdafiəsi sahəsində ölkədə həyata keçirilən tədbirlər, hüquqi maarifləndirmənin əhəmiyyəti və bu istiqamətdə hər bir vətəndaşın məsuliyyəti barədə ətraflı məlumat verib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.
Tədbirin sonunda insan hüquqlarına hörmətin demokratik, hüquqi və inkişaf etmiş cəmiyyətin əsas dəyərlərindən biri olduğu bir daha vurğulanıb.