11:14, 28.04.2026
Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi aprelin 27-də keçirilən “Molekulyar Dünya: DNT Günü” Gənclər Forumunda iştirak edib.
Forum Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Elm və İnnovasiya” proqramının təşəbbüsü və Molekulyar Biologiya İnstitutunun dəstəyi ilə təşkil olunub. Tədbir Molekulyar Biologiya İnstitutunda baş tutub.
Forumun məqsədi gəncləri molekulyar biologiya, genetika, bioinformatika və biotexnologiya sahələrində aparılan müasir tədqiqatlar, innovativ texnologiyalar və akademik karyera imkanları ilə yaxından tanış etmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və rəsmi açılış nitqləri ilə başlayıb. Açılışda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin nümayəndəsi Babək Əlibəyov, “Referans Medical Group”un Klinik laboratoriya şöbəsinin rəhbəri Aslıhan Dağdəmir və proqram nümayəndəsi Nərgiz İsmayıllı çıxış ediblər.
Forum çərçivəsində müxtəlif mövzularda elmi məruzələr təqdim olunub, molekulyar tədqiqatların əsas istiqamətləri və müasir texnologiyaların tətbiqi müzakirə edilib. Çıxışlarda gənclərin elmi mühitə inteqrasiyasının əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir gənclərin elmə marağının artırılması və gələcək tədqiqatçı nəslin formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.