AMEA Genetik Ehtiyatlar İnstitutu Azərbaycanda ilk təşkilatdır ki, 2010-cu ildə Avropa Komissiyasının “People” proqramı üzrə “Marie Curie Beynəlxlaq Tədqiqatçı Mübadiləsi Proqramı”- nın qalibi olmuş və həmin layihə çərçivəsində Fransa, Almaniya və Türkiyənin müxtəlif tədqiqat mərkəzləri və universitetləri ilə tədqiqatçı mübadiləsini həyata keçirir. Bu proqram çərçivəsində AMEA Genetik Ehtiyatlar İnstitutunun 5 əməkdaşı 2011-ci ildən başlayaraq 1-3 ay ərzində Fransa, Almaniya və Türkiyədə tədqiqat işi aparmışlar. Həmin layihə çərçivəsində 30 iyun- 30 İyul tarixlərində Fransanın Aqrar Tədqiqatlar üzrə Milli İnstitutunun (INRA) professoru Véronique DECROOCQ və molekulyar biologiya üzrə mütəxəssisi David Trikon AMEA Genetik Ehtiyatlar İnstitutunda olmuşlar. Onlar İnstitutda molekulyar genetika və seleksiya üzrə aparılan tədqiqat işlərində iştirak etmiş, müvafiq metodikaların təkmilləşdirilməsində gənc alimlərimizə köməklik göstərmiş və 29 iyul tarixində İnstitutun gənc alimləri, doktorantları və mütəxəssisləri üçün seminar təşkil etmişlər. Seminarda molekulyar genetika və biologiyada istifadə olunan müasir metodikalar haqqında məlumat verilmiş və yeni texnologiyaların biologiya və aqrar elmlərinə tətbiqi üzrə müəyyən müzakirələr aparılmışdır. Seminarda “Gələcək Nəsil Sekvenser” -lərinin imkanları haqqında geniş məlumat verilmiş və genomu sekvens olunmuş bitkilər üzrə alınmış müəyyən nəticələr şərh edilmişdir. Seminarda gələcəkdə birgə tədqiqatların aparılması da müzakirə edilmişdir. Prof. Decroocqun gələcəkdə fəlsəfə və elmlər doktoru proqramları üzrə tədqiqat işi aparacaq gənc alimlərimizə elmi rəhbərlik etməsi də razılaşdırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.genres.az saytına istinad zəruridir