XƏBƏRLƏR
16:58, 14.04.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 14 aprel 2026-cı il tarixində Rüşeym plazması laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ceyran Nağıyevanın “Uzun müddət Genbank şəraitində saxlanılan toxumlara bitki hormonlarının təsiri” mövzusunda elmi seminarı keçirilib.
Seminarda genbank şəraitində toxumların uzunmüddətli in vitro mühafizəsi zamanı həyat qabiliyyətinin qorunmasında fitohormonların rolu ətraflı təhlil edilib. Məruzəçi qeyd edib ki, fitohormonlar bitki tərəfindən çox az miqdarda sintez olunan üzvi birləşmələr olsalar da, hüceyrə bölünməsi, böyümə, meyvələrin yetişməsi və stress reaksiyaları kimi fundamental həyat proseslərini tənzimləyən əsas amillərdir.
Tədbirdə auksinlər, gibberellinlər, kininlər (sitokininlər) və inhibitorlar kimi əsas hormon qrupları barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, auksinlər hüceyrə diferensiasiyasını və bitki orqanları arasında qarşılıqlı əlaqəni tənzimləyir, gibberellinlər böyümə və cücərmə proseslərini stimullaşdırır, sitokininlər isə hüceyrə bölünməsində və yarpaqların cavan qalmasında mühüm rol oynayır. Eyni zamanda, boy inhibitorlarının bitkilərin inkişaf mərhələlərinin tənzimlənməsində, xüsusilə sükunət (yuxu) dövrünün formalaşmasında əhəmiyyəti vurğulanıb.
Seminar iştirakçıları tərəfindən mövzu maraqla qarşılanıb, geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.