16:09, 13.03.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın iclası keçirilib.
İclasda institutun elmi fəaliyyəti və təşkilati məsələləri ilə bağlı bir sıra mühüm mövzular müzakirə olunub.
Gündəlikdə ilk olaraq fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası məsələsinə baxılıb. Elmi şura üzvləri doktorant və dissertantların hesabatlarını dinləyərək onların elmi fəaliyyətini qiymətləndiriblər.
Daha sonra institutun fəlsəfə doktoru hazırlığı üzrə əyani və qiyabi doktorantlarının tədqiqat metodikalarının təsdiqi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
İclasda həmçinin Zümrüd Əmirqulu qızı Abbaszadənin “Genetika” ixtisası üzrə təqdim etdiyi “İnsanın arterial hipertenziya ilə əlaqəli bəzi genlərində tək nukleotid polimorfizminin tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirə protokolunun təsdiqi məsələsinə baxılıb. Elmi şura tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb və protokolun təsdiqi məqsədəuyğun hesab edilib.
Gündəlikdə yer alan digər məsələ isə 2026-cı il üçün mövzu planına uyğun elmi tədqiqat işlərinin mərhələlər üzrə iş planlarının müəyyənləşdirilməsi olub. Bu çərçivədə institutda həyata keçiriləcək tədqiqatların icra mərhələləri və prioritet istiqamətləri müzakirə edilib.
İclasda, həmçinin Azərbaycan Respublikasının Prezidentinin rəqəmsallaşma və süni intellekt sahəsində dövlət qurumlarının qarşısına qoyduğu vəzifələrə uyğun olaraq gələcək yol xəritəsinin müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Bu istiqamətdə Genetik Ehtiyatlar İnstitutunda görüləcək işlər və perspektiv planlar barədə təkliflər səsləndirilib.
Müzakirələrin sonunda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.