XƏBƏRLƏR
21:05, 08.11.2025
AMEA-nın müxbir üzvü İlham Şahmuradov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə bir qrup alim dövlət mükafatına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 noyabr 2025-ci il tarixində “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə elm sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə alimlər dövlət təltifləri ilə mükafatlandırılıblar.
Fəxrlə qeyd edirik ki, AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü İlham Əyyub oğlu Şahmuradov elmin inkişafına verdiyi töhfələrə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Genetik Ehtiyatlar İnstitutunun kollektivi adından hörmətli İlham Əyyub oğlu Şahmuradovu bu yüksək dövlət mükafatı münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yeni elmi nailiyyətlər və gələcək fəaliyyətində uğurlar arzulayırıq.