XƏBƏRLƏR
17:55, 18.07.2013
AMEA prezidenti akademik Akif Əlizadənin mətbuat konfransı keçirilir

Bu gün AMEA Rəyasət Heyətində akademiyanın prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçirilir.

Tədbirdə AMEA rəhbəri son 3 ayda akademiyada aparılan struktur dəyişiklikləri, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verdi. Elmin inkişafına dair AR Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan fərman və sərəncamların icra vəziyyəti haqqında məlumat verən A.Əlizadə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan əhəmiyyətli çağırışların alimlərimiz qarşısında konkret vəzifələr qoyduğunu qeyd etdi. Gələcəklə bağlı qəbul olunan bütün strategiya və dövlət proqramlarında ölkəmizin strateji inkişaf xəttinin həyata keçirilməsində elmin əhəmiyyətli rolunun öz əksini tapdığını vurğuladı.

Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq görülən işlər haqqında məlumat verən AMEA rəhbəri ölkəmizdə formalaşan “Elektron hökumət” Dövlət Proqramına elmi dəstək verildiyini vurğuladı. “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qeyd olunmuş elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü layihələrin həyata keçirildiyini qeyd etdi. AMEA-nın müvafiq qurumlarında İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu nəzərə çatdırdı.

Müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini vurğulayan AMEA rəhbəri hazırda akademiya əməkdaşlarının 30 faizini gənclərin təşkil etdiyini bildirdi. Gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən, Azərbaycanın ev sahibliyi etdiyi gənclərlə bağlı beynəlxalq tədbirlərdən söhbət açdı.

Dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edən akademik ölkə rəhbərinin AMEA-da aparılan islahatlarla bağlı fikrini nəzərə çatdırdı: “Cari ilin may ayında Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlət başçısı qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir.”

Hazırda Azərbaycanın elm siyasətinin məhz bu istiqamət üzərində qurulduğunu qeyd edən akademik Akif Əlizadə Azərbaycan elminin beynəlxalq elmə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə görülən işlərdən söhbət açdı. AMEA prezidenti bildirdi ki, elmlə təhsilin inteqrasiyası istiqamətində də mühüm addımlar atılır: “Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Ali təhsil müəssisələrinin AMEA institutlarının nəzdində baza kafedralarının və AMEA-da magistratura təhsil pilləsinin yaradılması nəzərdə tutulub”.

 Sonra AMEA Prezidenti mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 Tədbir çərçivəsində bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədilə AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi də nümayiş etdirildi. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, korporativ təbriknamələr və təqvimlər, qapı lövhələri, suvenir və aksessuarlar, hədiyyələr və digər nümunələr təqdim olundu.

Mənbəə: www.science.gov.az