XƏBƏRLƏR
15:18, 09.12.2024
Genetik Ehtiyatlar İnstitutunda dəyirmi masa keçirilmişdir
Elm və Təhsil Nazirliyi (ETN) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bu il Respublikamiza yeni introduksiya olunmuş və yerli pambıq sortlarının sınaq nümayiş əkinlərinin yekununa dair “Respublikanın torpaq-iqlim şəraitində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi” mövzusunda dəyirmi masa kecirilmişdir. ETN GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov tədbir iştirakçılarını salamlayaraq iqlim dəyişkənliyinin təsirlərinin azaldılmasında genetik ehtiyatlar əsasında yeni nəsil sortların yaradılmasının və onların bərabər şəraitdə tarlada sınağının keçirilməsinin vacibliyini qeyd etdi. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdir müavini b.ü.f.d. Fərman Kərimov respublikada pambıqçılığın vəziyyəti və istehsalın artırılmasında daha yüksək məhsuldar, keyfiyyətli və davamlı sortların əkin sahəsinin genişləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firidunov, özəl şirkətlərin nümayəndələrindən Aqrobiocore şirkətinin rəhbəri Orxan Mehdi və SAS Agrotech şirkətinin texniki direktoru Ali Deyer bu sahədə olan problemlərdən və belə sınaq əkinlərinin keçirilməsindən danışdılar. Daha sonra GEİ Texniki və Yem Bitkiləri şöbəsinin müdiri b.ü.f.d. Ruhəngiz Məmmədova respublikanın torpaq-iqlim şəraitində yeni pambıq sortlarının müqayisəli qiymətləndirilməsinin nəticələrinə dair məruzə ilə çıxış etdi.
Tədbirin yekununda aqrar sahənin inkişafında pambıqçılığın rolu, sınaq adaptasiya əkinlərinin yekun nəticələri və pambıqçılığın inkişafında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyəti müzakirə olundu.