XƏBƏRLƏR
11:58, 25.10.2024
ETN GEİ və İCBA-nın birgə əməkdaşlığı ilə “İqlim Dəyişkənliyi və Kənd Təsərrüfatında Qadınlar: Mərkəzi Asiya və Cənubi Qafqaz Regionunda Problemlər və İmkanlar” mövzusunda Regional Seminar keçirilmişdir.
22-23 oktyabr 2024-cü il tarixlərində İslam İnkişaf Bankının dəstəyi ilə Kənd Təsərrüfatında Bioduzluluq üzrə Beynəlxalq Mərkəz (İCBA) və Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) təşkilatçılığı ilə “İqlim Dəyişkənliyi və Kənd Təsərrüfatında Qadınlar: Mərkəzi Asiya və Cənubi Qafqaz Regionunda Problemlər və İmkanlar” mövzusunda Regional Seminar keçirilmişdir.
Seminarın keçirilməsində məqsəd İCBA tərəfindən start verilmiş WACAA (Kənd Təsərrüfatında İqlim Dəyişkənliyi Fəaliyyəti üzrə Qadın Alyansı) proqramı çərçivəsində qadın liderlər, tədqiqatçılar, siyasətçilər, fermerlər və kənd təsərrüfatında gender məsələləri yönümündə fəaliyyət göstərən təşkilatları bir araya gətirməklə gender bərabərliyi, kənd təsərrüfatı sahəsində qadınların dəstəklənməsi, kənd təsərrüfatı və ətraf mühit təşəbbüslərində qadınların liderliyinin, ağıllı iqlim texnologiyalarının tətbiqi ilə qadınların iqlim dəyişkənliyinə uyğunlaşması prosesində dəstəklənməsinə yönəlmişdir.
Tədbiri salamlama və açılış nitqi ilə Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkbərov açmışdır. O, öz çıxışında qadınların kənd təsərrüfatında, elm sahəsində, ətraf mühitin, biomüxtəlifliyin qorunmasında, iqtisadiyyat və sosial həyatda mühüm rolu olduğunu qeyd etmişdir.
İCBA təşkilatının baş direktoru Dr Tarifa A. Al Zaabi WACAA proqramı və onun Mərkəzi Asiya və Cənubi Qafqaz Regionunda qadınların iqlim dəyişkənlikləri və kənd təsərrüfatında rolunun gücləndirilməsi üçün təşkilatın fəaliyyəti və gələcək hədəfləri haqqında iştirakçılara məlumat vermişdir.
Seminarda Özbəkistan, Qırğızıstan, Qazaxstan, Tacikistan, Yaponiya, Dubay və Azərbaycandan olan 30-dan artıq qadın ekspertin iştirakı ilə mövcud problemlər və onların mümkün həlli yolları müzakirə olunmuş və gələcək strateji hədəflərin istiqamətləri müəyyən edilmişdir.
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunmuşdur.