10 iyun 2024-cü il tarixində AR ETN Genetik Ehtiyatlar İnstitutunun Meyvə Bitkiləri şöbəsinin əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Mədəni və və yabanı meyvə bitkilərinin genetik ehtiyatlarının toplanması, tədqiqi, kolleksiyalarının yaradılması və seleksiyada istifadəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı giriş sözü ilə şöbənin müdiri a.e.ü.f.d. M.Musayev açmış və bildirmişdir ki, Azərbaycanda meyvəçilik və üzümçülük təxminən 11 min il tarixə malikdir. Ölkəmiz bir çox meyvə bitkilərinin mənşə və mədəniləşmə mərkəzi olmuşdur. Respublikamız yabanı meyvə-giləmeyvə bitkiləri ilə yanaşı, qədim xalq seleksiya sortları ilə çox zəngindir. Respublika daxilində hər bir bölgənin özünəməxsus gözəl və keyfiyyətli meyvə sortları vardır. Məsələn, Quba-Xaçmaz alması və armudu, Şirvan bölgəsi narı, heyvası, Naxçıvan əriyi, şaftalısı, Şəki-Zaqatala fındığı, qozu, Gəncə-Qazax bölgəsi üzümü, zoğalı, gilası, Abşeron isə badamı, püstəsi və inciri ilə məşhurdur. Sonra şöbə əməkdaşları b.ü.f.d. Z. Mustafayeva nar, a.e.ü.f.d. Y. Xıdırova püstə və badam, b.ü.f.d., A. Hacıyeva çiyələk, b.e.i. R. Əsgərova zeytun, k.e.i. Z.Hüseynzadə innab və feyxoa, a.e.ü.f.d. M.Musayev üzüm və digər meyvə bitkilərinin mədəni və və yabanı nümunələrinin genetik ehtiyatlarının toplanması, tədqiqi, kolleksiyalarının yaradılması və seleksiyada səmərəli istifadəsi mövzusunda məruzələrlə çıxışlar etmişlər. Ölkəmizin müxtəlif bölgələrində tumlu, çəyirdəkli, qərzəkli, subtropik və giləmeyvəli meyvə bitkilərinin indiyə qədər qiymətləndirilməmiş və yerli əhalinin həyatında çox önəmli əhəmiyyətə malik yerli genetik ehtiyatları mövcuddur. Bu sort və formalardan yerli əhali təzə halda, həmçinin müxtəlif növ doşabların, mürəbbələrin, meyvə şirələrinin və meyvə qurularının istehsalında istifadə edərək əlavə qazanc əldə edirlər. Onların toplanması, tinglik və kolleksiya bağlarının yaradılması, qiymətləndirilməsi, seleksiyası, daha qiymətli təsərrüfat göstəricilərinə malik olanların artırılaraq təsərrüfatlarda tətbiq edilməsi müasir dövrümüzün çox aktual məsələlərindən biridir.