XƏBƏRLƏR
10:25, 23.01.2024
Genetik Ehtiyatlar İnstitutu və “Agro Dairy” MMC arasında əlaqələr genişləndirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu (GEİ) və “Agro Dairy” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanmışdır.
Memorandum GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov, “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov tərəfindən imzalanmışdır.
Üç il müddətinə bağlanmış birgə əməkdaşlığın əsas məqsədi kənd təsərrüfatı bitkilərinin xüsusilə dənli taxıl və yem bitkilərinin yerli sortlarının yetişdirilməsi və toxumçuluğu sahəsində səmərəliliyinin yüksəldilməsi, o cümlədən GEİ tərəfindən yaradılmış və dövlət qeydiyyatında olan sortların superelit və elit toxum istehsalının intensiv artırılması olmuşdur. Həmçinin bu sahədə innovativ texnologiyaların qarşılıqlı mübadiləsi sahəsində fəaliyyətləri birgə koordinasiya etmək, müxtəlif ərazilərdə birgə sort-sınaqların aparılması və kadr hazırlığı sahələrində əməkdaşlığın və məlumat mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.
Görüş müddətində Z.Əkpərov qonaqlara GEİ-nin əsas fəaliyyət istiqamətləri barədə məlumat vermiş və İnstitutun müəyyən şöbə və laboratoriyaları və Milli Genbankı ilə tanış etmişdir.