10:34, 22.06.2026
Qarabağ Elmi-Tədqiqat Bazasında istehsalat təcrübəsi keçirlər
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Aqronomluq, Aqrar fermer təsərrüfatının təşkili və Aqroturizm ixtisasları üzrə sonuncu kurs tələbələri Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında istehsalat təcrübəsində iştirak etmişlər.
İstehsalat təcrübəsi çərçivəsində tələbələr bazada aparılan elmi-tədqiqat işləri, seleksiya sahələri, müasir aqrotexniki tədbirlər və kənd təsərrüfatı istehsalında tətbiq olunan innovativ yanaşmalarla yaxından tanış olmuşlar. Onlara aqrar sahədə nəzəri biliklərin praktik tətbiqi, müasir əkinçilik texnologiyaları və elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat verilmişdir.
Təcrübənin gedişi ilə tanış olmaq məqsədilə 17 iyun 2026-cı il tarixində kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev və kollecin müəllim heyəti Qarabağ Elmi-Tədqiqat Bazasına səfər etmişlər. Səfər zamanı tələbələrin fəaliyyəti ilə yaxından maraqlanılmış, onların qazandıqları praktiki bilik və bacarıqların peşəkar hazırlıqlarında mühüm rol oynadığı vurğulanmışdır.
Görüş çərçivəsində seleksiyaçılar tərəfindən yaradılmış perspektivli buğda sortlarına baxış keçirilmiş, sortların bioloji xüsusiyyətləri, məhsuldarlıq potensialı və istehsalatda tətbiq imkanları barədə ətraflı məlumat təqdim olunmuşdur. Həmçinin bazada həyata keçirilən elmi-tədqiqat və seleksiya işlərinin nəticələri iştirakçıların diqqətinə çatdırılmışdır.
Səfər zamanı təhsil müəssisələri ilə elmi-tədqiqat qurumları arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilmiş, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də gələcək əmək fəaliyyətinə hazırlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Belə təcrübələr tələbələrin ixtisas biliklərinin möhkəmləndirilməsinə, onların müasir aqrar sahənin tələblərinə uyğun peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.