АКАДЕМИКИАкадемик Мирза-Ага Али-заде

ƏLİ-ZADƏ  MİRZƏ-AĞA HACI-BALA OĞLU

(1910- 1981)

Əlizadə Mirzə Ağa15 mart1910-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsində nefçi ailəsində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra təsərrüfatın müxtəlif sahələrində çalışmışdır. 1936-1939-cu illər arasında o Moskvada aspirant olmuş və bitki fiziologiyası sahəsində görkəmli alim D.A. Sabininin rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. Aspirantura illərində paxlalı bitkilərdə molekulyar azotun bioloji fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında 1940-cı ildə namizədlik dissertasiyası müdafiə etmişdir.Əlizadə M.A. 1943-1944-ci illər ərzində Azərbaycan Elmi-Tədqiqat Pambıqçıliq İnstitutunda öncə baş elmi işçı, daha sonra direktor müavini vəzifələrində çalışmışdır. 1944-1961-ci illər arasında  Azərbaycan ET Çoxiilik Bitkilər İnstitutu və Azərbaycan ET Əkinçilik İnstitutundalarında laboratoriya müdiri olmuşdur. 1961-ci ildən ömrünün sonuna qədər  Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda bitki fiziologiyası laboratoriyasının rəhbəri vəzifəsində çalışmışdır.

M.A. Əlizadəninelmi fəaliyyətinin böyük bir hissəsi su rejimi ilə əlaqədar çay kollarının böyümə və budaqlanmasının tədqiqinə həsr olunmuşdur. Onun tərəfindən müəyyən edilmişdir ki, çay bitkisində fəal böyümə və böyümənin dayanması boy nöqtəsində nuklein mübadiləsindən, xüsusilə də RNT-nin miqdarından asılıdır. Belə ki, yatmış tumurcuqlarda RNT-nin miqdarı ilə intensiv böyümə arasında birbaşa əlaqənin olduğu aşkar edilmişdir. Bu kimi nəzəri nəticələrə əsaslanan müəllif, çay kollarında il boyu daha çox böyümə və budaqlanmanı təmin edən praktik tədbirlər planı işləyib hazırlamışdır. Bu elmi tədqiqat işlərinin nəticələri M.A Əlizadənın doktorluq dissertasiyasının əsasını təşkil etmiş və o, 1959-cu ildə “Azərbaycanın subtropik səraitində su rejimi ilə əlaqədar çay kollarının böyümə xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək, bitki fiziologiyası sahəsində biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

M.A. Əlizadənin elmi fəaliyyətinin ən məhsuldar dövrü Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda işlədiyi illərə təsadüf edir. Bu illərdə o, özünün gənc tələbə və əməkdaşları ilə birlikdə nuklein turşularının tədqiqi sahəsində geniş işlər aparmış və elm aləminin diqqətini cəlb edən bir çox nəticələr əldə etmişdir.

M.A. Əlizadənin  rəhbərlik etdiyi laboratoriyada ilk dəfə olaraq tut bitkisi somatik hüceyrələrində ploidliliklə DNT miqdarı arasındakı korelyasiyanın tetraploid səviyyəsinə qədər uyğun gəldiyi, daha sonra yüksək ploidli tut formalarında isə korelyasiyanın olmadığı aşkar edilmişdir.

M.A. Əlizadə və əməkdaşları ilk dəfə olaraq heterozis hadisəsinin molekulyar-genetik əsaslarını izah edən maraqlı nəticələr əldə etmişlər.

Bundan başqa M.A. Əlizadə öz əməkdaşları ilə birlikdə quraqlıq, duzluluq, yüksək hərarət kimi stres amillərin bitki genomuna təsiri və bu zaman RNT və DNT fraksiyalarında meydana gələn dəyişmələr mövzusunda da maraqlı tədqiqatlar aparmış, nəzəri və təcrübi əhəmiyyət kəsb edən nəticələr əldə edilmişdir.

M.A. Əlizadə 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. M.A Əlizadə 4 monoqrafiya, 200-dən çox elmi məqalə və bir neçə ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 15 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. M.A Əlizadə 2 Şərəf nişanı ordeni və 3 medalla təltif olunmuşdur.