АКАДЕМИКИАкадемик Алекпер Гулиев

Quliyev Ələkbər Məmməd oğlu

(1911-1983)

Ələkbər Məmməd oğlu Quliyev 27 sentyabr 1911-ci ildə Gürcüstan SSR, Tiflis şəhərində anadan olmuşdur.  1930-cu ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1934-cü ildə Az.KTİ-ni əla qiymətlərlə bitirdiyinə görə İnstitutun Botanika kafedrasında saxlanılmiş, əvvəlcə assistent, daha sonra baş müəllim kimi çalışmışdır.

Ələkbər Quliyev Akademik A.A.Qrossheymin rəhbərliyi ilə Gəncə və Göy-göl rayonları ərazisində bal və toz verən bitki müxtəlifliyini öyrənmiş,  1941-ci ilin mart ayında “Kirovabad və Xanlar rayonlarının bal və toz verən bitkiləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək elə həmin il biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

      Ə.M.Quliyev 1950-ci ildə Leninqradda (İndiki Sankt-Peterburq) SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunda “Azərbaycanın bal və toz verən bitkilərinin öyrənilmə məsələləri” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1952-ci ildə SSRİ AAK qərarı ilə Ə.M.Quliyevə professor adı verilmiş, 1967-ci ildə isə Azərbaycan SSR EA akademiki seçilmişdir.

Ələkbər Quliyev 1944-1983-cü illərdə bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə fəaliyyət göstərmişdir: Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq falültəsinin dekanı, seleksiya və sistematika kafedrasının müdiri (1944-1955), tədris və elmi işlər üzrə prorektor (1955-1959), H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru (1959-1960), Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının birinci vitse prezidenti, 1960-cı ildə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri təyin edilmişdir. 1962-1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri (1962-1983) kimi fəaliyyət göstərmişdir.

Ələkbər Quliyev 11 monoqrafiyanın, 288-dən çox elmi əsərin, o cümlədən İtaliya, Bolqarıstan, Yaponiyada çap edilmiş 4 elmi məqalənin, 13 sortun (müəlliflik şəhadətnaməsi və patent alinmişdır) müəllifidir.

Ələkbər Quliyevin təcrübəvi mutagenez və onun bioloji obyektlərdə istifadəsi metodlarının işlənib hazırlanması və tətbiqi sahəsində əvəzolunmaz rolu olmuşdur. Onun bu sahədəki araşdırmaları bitkilərdə dəyişkənliyin fundamental əsaslarını müəyyən etməklə yanaşı praktiki istifadəsi və son nəticə olaraq pambıq və digər mədəni bitkilərin yeni, yüksək göstəricilərə malik sortlarının yaradılması ilə nəticələnmişdir. Ələkbər Quliyevin müəllifi olduğu və təcrübəvi mutagenez metodu ilə yaratdığı Ağdaş-3 pambıq sortu uzun illərdir ki yerli və xarici sortlarla rəqabətdə bütün təsərrüfat göstəricilərinə görə öz üstünlüyünü qoruyub saxlayır. Bunun nəticəsidir ki hazırda Ağdaş-3 sortu Respublikamızda pambığın əkin sahələrinin  60%-ni təşkil edir. Bundan başqa Ələkbər Quliyev rayonlaşmış AZXİ-1 qarğıdalı və  Azərbaycan yonca sortunun,  DSS-na təqdim olunmuş 7 pambıq, 2 qarğıdalı və 1 yonca sortunun müəllifidir.

Ələkbər Quliyev elmi və ictimai fəaliyyətinə görə “Şərəf Nişanı” Ordeni və bir sıra medallarla, o cümlədən ”SSRİ Əməkdar İxtiraçısı” fəxri adı ilə təltif olunmuşdur. Görkəmli alim Ələkbər Quliyevə 1960-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi adı verilmişdir.