АКАДЕМИКИАкадемик Ильяс Абдуллаев

Abdullayev İlyas Kərim oğlu

(1913-1985)

Abdullayev İlyas Kərim oğlu 1913-cü il mart ayının 23-də Ağstafada dəmiryolçu ailəsində anadan olmuşdur. 1934-cü ildə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1939-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1956-cı ildən ömrünün sonuna qədər Genetika və Seleksiya İnstitutunun (indiki Genetik Ehtiyatlar İnstitutu) “Çoxillik bitkilərin genetikası və seleskiyası” şöbəsinə rəhbərlik etmişdir.

İ.K.Abdullayev 1957-ci ildə “Azərbaycan SSR-də meyvəçiliyin, üzümçülüyün və tutçuluğun inkişafı haqda” tədbirlərin hazırlanması üzrə Respublika komissiyasının sədri, 1958-ci ildə “Azərbaycan SSR-in Atlası”-nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyası sədri, 1948-1958-ci illərdə SSR Baş sərgi komitəsinin üzvü və Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan respublika komitəsinin sədri olmuşdur.

1959-cu ildən Genetika və seleksiya İnstitutu Elmi Şurasının üzvü, 1963-cü ildən Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü və Azərbaycan SSR EA genetika və seleksiya üzrə Problem Şurasının üzvü, 1966-cı ildən Azərbaycan Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin prezidenti, N.İ.Vavilov adına Ümumittifaq Genetiklər və Seleksiyaçılar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, 1967-ci ildən Azərbaycan SSR EA biologiya elmləri bölməsi akademik katibinin müavini, biologiya elmləri üzrə birləşmiş şuranın üzvü, 1969-cu ildən Azərbaycan SSR EA Əlaqələndirmə Şurasının üzvü və “Genetika”, “Seleksiya və toxumçuluq” ixtisası üzrə müdafiə Şurasının üzvü olmuşdur.

1966, 1971, 1976, 1981-ci illərdə genetiklərin və seleksiyaçıların qurultaylarının nümayəndəsi, həmin cəmiyyətin qurultaylarının təşkilat komitəsinin sədri, “Tutun eksperimental poliploidiyası” üzrə Ümumittifaq simpoziumlarının sədri olmuşdur.

Akademik İ.K.Abdullayev uzun müddət yüksək dövlət və partiya vəzifələrində, Azərbaycanın kənd təsərrüfatı naziri, Azərbaycan Nazirlər Soveti Sədrinin birinci müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır.

Alim 1959-cu ildən ömrünün sonunadək elmi fəaliyyətlə məşğul olmuşdur. O, 8 kitab və 6 monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. Onun elmi yaradıcılığı genetik sitologiya və seleksiyanın bir çox problemlərinin həllinə həsr olunmuşdur. Morus cinsinin poliploid sırasının yaradılması alimin ən böyük elmi nailiyyətlərindən biri hesab olunur. İ.K.Abdullayevin apardığı tədqiqatlar nəticəsində “Zərif” tut, “Sıxgöz” tut, “Azəri” tut, “Xanlar” tut və s. kimi tut sortları yaradılmışdır.

İ.K.Abdullayev yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi altında: N.A.Cəfərov, A.İ.Musayev, N.H.Bədəlov, N.İ.Mahmudbəyova, M.O. Əliyev, A.S.Mustafayev, F.M.Əhmədov, İ.R.Əsgərov, S.B.Tağıyev, E.A.Lev, S.H.Məhərrəmov, Ə.H.Sadıxov, H.H.Piriyeva, Ş.M.Əhmədova, M.İ.Xasiyeva, S.D.Əsgərova, V.M.Quliyev və b. namizədlik  dissertasiyalarını uğurla müdafiə edərək alimlik dərəcəsi almış və tutun, üzüm, bağ çiyələyi və qara qarağatın seleksiyası, genetikası, sitologiyası, anatomiyası, biokimyası, sistematikası, toxumçuluğu və s. sahələrdə görkəmli nailiyyətlər qazanmışlar.

 Akademik İ.K.Abdullayevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, müxtəlif orden və medallarla təltif edilmişdir.