NEWS
00:02, 28.10.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının 27 oktyabr 2021-ci il tarixdə növbəti iclası keçirilmişdir.
27 oktyabr 2021-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla Genetik Ehtiyatlar İnstitutunda AMEA-nın müxbir üzvü , institutun baş direktoru Zeynal Əkpərovun yanında Elmi Şuranın növbəti iclası keçirildi. İclasın gündəliyində institutun I kurs magistrantlarının dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, Elmi Şuranın tərkibində qismən dəyişiklik edilməsi barədə, “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda 22.10.21-ci il tarixdə keçirilmiş Tarla seminarının nəticələrindən irəli gələn vəzifələr, 2021-ci ilin yekun hesabatına hazırlıq, “Zəfər Günü və şəhidlərin xatirəsinə” 2-ci beynəlxalq Qarabağ -Tətbiqi Elmlər Konqresinə hazırlıq və sair məsələlər dururdu.
Cari ildə instituta qəbul olmuş 9 magistr tələbələrinin hər biri ilə təyin olunmuş dissertasiya mövzusu və elmi rəhbərinin təsdiq olunması ilə bağlı müsahibə aparıldı.Tədqiqat obyekti bitki, heyvan və insan olan genetik tədqiqatlara dair dissertasiya mövzularının aktuallığı nəzərə alınaraq Elmi Şura üzvləri tərəfindən mövzular və elmi rəhbərlər yekdilliklə təsdiq olundu.
Zeynal Əkpərov AMEA Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün buğda və arpa sortlarının toxumçuluğunun təşkili məslələri ” mövzusunda 22 oktyabr 2021-ci il tarixdə Tərtər rayonunun Şıxarx qəsəbəsində Tarla seminarının yüksək səviyyədə keçirildiyini bir daha Elmi Şuranın üzvlərinin nəzərinə çatdırdı.
Z.Əkpərov Tarla seminarında Biologiya və Tibb Elmləri Bölməsinin sədri, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın rəhbərlik etdiyi 9 nümayəndə heyətinin, AMEA Genetik Ehtiyatlar İnstitutunun 9 əməkdaşı, elmi təcrübə bazalarının 3 əməkdaşı da daxil olmaqla Qarabağ elmi tədqiqat bazasının bütün əməkdaşları, kənd təsərrüfatı nazirliyinin və özəl şirkətlərin nümayəndələri, habelə Tərtər rayon Icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər rayonunun əlaqədar müəssisələrinin mütəxəssisləri, ayrı-ayrı kütləvi informasiya vasitələrinin iştirak etdiyi bildirildi. Tərtər rayonunda Tarla seminarı keçirilməklə sübut olundu ki, Qarabağ Elmi-Tədqiqat Bazası öz əzəli yurduna, məskəninə qayıtmışdır. Bölgənin genetik ehtiyatlarının bərpa olunması, yeni məhsuldar sort və cinslərin yaradılması , mühafizə olunması və davamlılığının təmin olunması üçün 1950-1989-cu illərdə institutun mülkiyyətində və istifadəsində olmuş 1694 ha ərazinin işğaldan sonra Möhtərəm Prezident İlham Əliyev cənablarının müraciətlərinə cavab olaraq onun dirçəldilməsi, infrastrukturlarının bərpa edilməsinin qarşıda duran ən ümdə vəzifə olduğu bildirildi. Odur ki, Elmi Şuranın bütün üzvləri Bazanın keçmiş möhtəşəm uğurlu ənənələrinin bərpa olunması kompaniyasında yekdilliklə iştirak etməyi dəstəklədilər.
İclasın gündəliyində nəzərdə tutulan institutun baş meneceri Rafail Mahmudovun Elmi Şuraya üzv seçilməsinə yekdilliklə səs verildi, digər məsələlər də prosedur qaydalarına uyğun olaraq müzakirə olundu.