NEWS
14:11, 07.04.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda WUF13 çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
07 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 (WUF13) ilə əlaqədar növbəti məlumatlandırıcı tədbir çərçivəsində seminar keçirilib.
Seminarda Dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva “Gələcəyin şəhərləri: İqlim dəyişkənliyinə qarşı mübarizədə texnologiya və təbiət” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, gələcəyin şəhərləri yalnız daha böyük deyil, eyni zamanda daha ağıllı, yaşıl və insan mərkəzli olmalıdır. Bildirilib ki, müasir şəhərsalma yanaşmaları texnologiya ilə təbiət arasında balansın qorunmasını, insan həyat keyfiyyətinin yüksəldilməsini və davamlı inkişafın təmin olunmasını əsas prioritet kimi müəyyən edir.
Çıxış zamanı iqlim dəyişkənliyinin şəhər mühitinə təsirləri, bu təsirlərin azaldılmasında innovativ texnologiyaların rolu və yaşıllaşdırma strategiyalarının əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və seminarın Ümumdünya Şəhərsalma Forumuna hazırlıq baxımından əhəmiyyəti qeyd edilib.