
20:28, 22.07.2025
Azərbaycan və Pakistan arasında "Iqtisadi əhəmiyyətli əlamətlərə və xəstəliklərə davamlı pambıq xətlərinin yaradılması" əks əlaqə layihəsinin açılış mərasimi keçirilib
21 İyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu və Pakistan İslam Respublikası Pəncab Universitetinin Molekulyar Biologiyada Mükəmməllik Mərkəzi arasında İslam İnkişaf Bankının (İİB) maliyyələşdirdiyi Əks Əlaqə layihəsinin açılış mərasimi keçirilmişdir. Açılış tədbirində İİB-nın Ciddə şəhərində yerləşən baş ofisindən cənab Fauqaruddin Mehmud, İİB- nin Azərbaycan ofisindən Lalə Yusifova, AR KTN Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, Azərbaycan Pambıqçılar Assosiasiyasının sədri və "Prime Cotton" şirkətinin Araşdırma və İnkişaf departamentinin rəhbəri Fərid Firidunov, institutun elmi işçiləri iştirak etmişlər. Açılış mərasimi hibrid rejimdə keçirilmiş və İİB- nin Tükiyə əlaqələndirici ofisindən Ali Riza Kayar, Pakistan Molekulyar Biologiyada Mükəmməllik Mərkəzindən Dr Abdul Qayyum Rao, Dr Allah Baxş və mərkəzin əməkdaşları Microsoft Teams onlayn platforması üzərindən qoşulmuşdur. Layihə “İqtisadi əhəmiyyətli əlamətlərə və xəstəliyə davamlı yeni pambıq xətlərinin yaradılması” adlanır. Layihə molekulyar biologiya və genetika sahəsində ən müasir metodlardan olan gen redaktəsi sahəsində biliklərin transferi və milli kadrların hazırlanmasına yönəlmişdir.
Tədbiri salamlama nitqi ilə GEİ-nun direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov açmış və İİB-nin ölkəmizdə və regionda missiyasının əhəmiyyəti, sözügedən əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat vermişdir.
İİB- nin nümayəndəsi cənab Fauqaruddin Mehmud layihə komandasını təbrik etmiş və bu Əks əlaqə layihəsinin Pakistan və Azərbaycan alimlərinin birgə təcrübə mübadiləsi və uğur hekayəsi olacağına inamını ifadə etmişdir.