NEWS
11:29, 03.03.2025
Genetik Ehtiyatlar İnstitutunda kök hüceyrəsilə elmi innovativ tədqiqatların genişləndirilməsi və tətbiqi
Kök hüceyrəsilə elmi innovativ tədqiqatların genişləndirilməsi və tətbiqi ilə bağlı 25 fevral 2025-ci il tarixində AR ETN Biofizika İnstitutunun Direktoru, AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov, icraçı direktor b.e.d. Kərim Qasımov, Xəzər Universitetinin Mühəndislik Biomateriallar Tədqiqat Mərkəzinin direktoru professor Südabə Davaran və Həyat Elmləri Departamentinin dosenti Cavid Ocaqi, AR Səhiyyə Nazirliyi ATU I Cərrahi Xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, Talassemiya Mərkəzinin baş həkimi Dr. Səhər İsmayılova, Limbak laboratoriyasının direktoru İradə İsmayılova, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və institutun digər əməkdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda olmuşdur.
GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov qonaqları salamlayaraq, beynəlxalq standartlara uyğun şəkildə qurulmuş və ən müasir avadanlıqlarla təchiz edilmiş GMP sertifikatlı Kök hüceyrə laboratoriyası barədə qonaqlara məlumat vermişdir. O, kök hüceyrəsi istiqamətində fundamental tədqiqatların vacibliyini, tətbiqi imkanlarının genişləndirilməsi və birgə əməkdaşlığın vacibliyini qeyd etmişdir.
Talassemiya Mərkəzinin baş həkimi Dr. Səhər İsmayılova bu sahədə görülən tədqiqat işləri barəsində məlumat vermiş, laboratoriya işinin beynəlxalq standartlara uyğun şəkildə təşkili, standart protokollardan istifadə edilməklə alınmış kök hüceyrəsinin təmizlik və həyatilik qabiliyyətinin müəyyənləşdirilməsi üzrə təcrübələri bölüşərək, standartlara uyğun əldə edilmiş kök hüceyrələrin kosmetoloji problemlər, autoimmun xəstəliklər, nevroloji patologiyalar, göz xəstəlikləri (toyuq korluğu), diabetik ayaqlar, sağalmayan yaralar, sümük iliyi transplantasiyası zamanı yaranan ağırlaşmalar kimi xəstəliklərdə tətbiqi və uğurlu nəticələri barəsində məlumat vermişdir.
AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov kök hüceyrələrin ayrı-ayrı xəstəliklərdə tətbiqi ilə yanaşı qaraciyər sirrozu, iltihabi bağırsaq kimi xəstəliklərdə də müsbət nəticələrindən, eləcə də İcbari Tibbi Sığorta çərçivəsində bu işlərin təşkili və tətbiqinin vacib olduğunu vurğulamışdır.
Professor Südabə Davaran bu sahədə gördüyü elmi-tədqiqat işləri və mövcud imkanlar barəsində ətraflı məlumat vermişdir. O, xüsusilə kök hüceyrəsi sahəsində müştərək elmi-tədqiqat işlərinin aparılması, birgə konfrans və seminarların təşkili, kadr hazırlığı istiqamətində birgə əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Daha sonra müzakirələrdə AMEA-nın müxbir üzvü Nuru Bayramov, AMEA-nın müxbir üzvü Oktay Qasımov, b.e.d. Kərim Qasımov və AMEA-nın müxbir üzvü İlham Şahmuradov qiymətli təkliflər irəli sürdülər. Professor Südabə Davaran da bu təkliflərin birgə əməkdaşlıq üçün qiymətli əsas olduğunu bildirdi. Yekunda birgə proqram hazırlanıb həyata keçirilməsinin vacib olduğu vurğulandı.
Sonda qonaqlar GEİ-nin Kök hüceyrə laboratoriyası ilə yaxından tanış olmuşlar.