“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və Sistematika şöbəsinin əməkdaşları böyük elmi işçi Vahid Güvəndiyev, elmi işçilər Kəmalə Əsədova, Günel Quliyeva və Günel Allahverdiyeva işğaldan sonra ilk dəfə olaraq Şuşa, Füzuli və Cəbrayıl rayonlarında ekspedisiyada olmuşlar. Ekspedisiya 8 marşrut üzrə həyata keçirilmiş, həmin rayonlarda yayılan mədəni bitkilərin yabanı əcdadları tədqiq edilmiş, onların arealları dəqiqləşdirilmiş və tədqiqi planlaşdırılan əcdad bitkilərdən 22 fəsilə, 56 cinsə aid 100 növ üzrə 350 nüsxədən artıq herbari materialları toplanılmışdır. Toplanılan bitkilər arasında Paxlalılar fəsiləsinə (Fabaceae Lindl.) aid qarayonca, lərgə, üçyarpaq yonca, xaşa, Taxıllar fəsiləsinə (Poaceae Barnhart) aid çovdar, arpa, vələmir, buğdayıot, müxtəlif fəsilələrə aid mühüm dərman (dərman xəşənbülü, qırxbuğum, itburnu, bəlğəmotu, çobanyastığı, yovşan, üzərlik, kasnı, daş yarpızı, limonotu, ballınanə, bağayarpağı, boymadərən, aptek qambatı), ədviyyat (kəklikotu, yarpız və s.), ərzaq və qida əhəmiyyətli (yabanı yerkökü, cacıx, qırmızıbaş soğan, əməköməci, tərə, əvəlik, tut, alça və s.) bitkilər üstünlük təşkil edir. Toplanılan bəzi növlərin yeni yayılma sahələri aşkar edilmiş, Beynəlxalq deskriptor formaları üzrə monitorinq məlumatları qeyd edilmişdir. Hər bir növün in situ şəraitdə populyasiyasının vəziyyəti, rast gəlinən bitki qruplarının fitosenoloji təhlili aparılmış və bitkilərin təbiətdə orijinal fotoları çəkilmişdir.
10:10, 10.06.2024
İşğaldan azad olunmuş ərazilərin yabanı bitki müxtəlifliyinin tədqiqinə başlanıldı