NEWS
16:38, 30.04.2024
Genetik Ehtiyatlar İnstitutunda Tarla seminarı keçirilmişdir.
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Abşeron Təcrübə bazasında Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bitkilərin xəstəlik və zərərvericilərlə yoluxma səviyyəsinin qiymətləndirilməsi” mövzusunda tarla seminarı keçirilmişdir.
Seminarı giriş sözü ilə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsində xəstəlik və zərərvericilərlə yoluxmanın qiymətləndirilməsinin əhəmiyyəti barədə çıxış etmişdir. Z.Əkpərov Azərbaycanda təcrübə bazalarında becərilən mədəni bitki sortnümunələrinin mühafizəsinin səmərəli təşkil edilməsində fitosanitar vəziyyətin nəzarətdə saxlanması, xəstəlik törədicilərinə qarşı davamlılığın qiymətləndirilməsinin aktual problemləri, ekosistemin qorunmasında tətbiq edilən üsullar və bu sahədə görüləcək işlər haqda müvafiq tələb və tövsiyələrini bildirmişdir.
Seminarda İmmunogenetika şöbəsinin baş elmi işçisi, aqrar üzrə elmlər doktoru, dosent Cəbrayıl Ağayev elmi işçilərə taxıl və paxlalı bitkilərə aid kolleksiya sahələrində xəstəlik və zərərvericilərin yayılmasının vizual qiymətləndirilməsi, uçot və qeydiyyatı, simptomoloji diaqnostika, mikroskopiya və laborator tədqiqatlar üçün nümunələrin toplanması və fiksasiyası üsullarının icra edilməsi üzrə praktik təlim keçmişdir. Təlim laboratoriya şəraitində, toplanmış nümunələrin fitopatoloji analiz üsullarının, həmçinin patogen növlərin təyin edilməsi üsulları haqda praktik təlimlərlə davam etdirilmişdir.