НОВОСТИ
13:28, 05.02.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun nailiyyətləri haqqında icmal “Xalq qəzeti”nin geniş oxucu auditoriyasına təqdim olundu: milli genofondun öyrənilməsi: nailiyyətlər, perspektivlər və qlobal çağırışlar

Mədəni bitkilərin genetik ehtiyatları hər bir ölkənin davamlı və dayanıqlı inkişafında, əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malik milli sərvətdir. Sürətlə artan dünya əhalisini aclıqdan xilas etməyin yeganə yolu yüksək texnologiyalardan istifadə etməklə keyfiyyətli, xəstəlik və zərərvericilərə, ətraf mühitin bütün əlverişsiz amillərinə əvvəlkilərdən daha davamlı yeni məhsuldar bitki sortlarının və heyvan cinslərinin yaradılmasından, eləcə də bu işin sürətli və dayanıqlı təşkilindən asılıdır.

Azərbaycan bir çox bitkilərin ilkin əmələgəlmə və mənşə mərkəzlərindən biri kimi genetik ehtiyatların çox böyük zənginliyinə malikdir. AR Nazirlər Kabinetinin 13 noyabr 2012-ci il tarixli 259 nömrəli sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası­nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə Milli Əlaqələndirici institutdur. GEİ 2021-ci ildə bu sahədə öz fəaliyyətini müvafiq qlobal çağırışlara, beynəlxalq saziş və konvensiyalara, Azərbaycan Respublikasının qanunlarına, dövlət proqramlarına, Nazirlər Kabinetinin qərarlarına və AMEA-nın 2020–2025-ci illər üçün İnkişaf Proqramına uyğun qu­raraq, genetik ehtiyatların toplanması, mühafizəsi və öyrənilməsi işini uğurla davam etdirmişdir.

Azərbaycan Respublikasının möhtərəm prezidenti, Ali Baş Koman­dan İlham Əliyevin böyük sərkərdəlik və diplomatik fəaliyyəti ilə 44 günlük müharibə nəticəsində qədim yurd yerlərimiz və həmin ərazilərdə yayılmış bitki və heyvan genetik müxtəlifliyi əsl sahibinə qaytarılmış, onların müqayisəli tədqiqi üçün tarixi şərait yaranmışdır. İnstitut işğaldan azad edilmiş ərazilərdə bitki genetik ehtiyatlarının təftişi, toplan­ması, mühafizəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun torpaq-iqlim şəraitinə uyğun yeni bitki sortlarının yaradılması işini prioritet elan etmiş və planlı şəkildə elmi-tədqiqat fəaliyyətinə başlamışdır.

2021-ci ildə ilkin olaraq Qaraba­ğın bir sıra rayonlarının bitki genetik ehtiyatlarının floristik təftişi, bioekoloji xüsusiyyətləri və istifadə imkanları təhlil edilmiş, 9 genofond qrupuna aid 163 fəsilə, 391 cinsə aid 541 növün yayılması aşkar edilmişdir. Qeyd edilən bitkilərin perspektiv növləri əsasən Füzuli (127 növ) və Ağdam (93 növ) rayonlarında rast gəlinir. Ərazidə itmək təhlükəsində olan 65 bitki növü aşkar edilərək Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinə daxil edilməsi tövsiyə olunmuşdur. İşğaldan azad edilmiş ərazilərdə növbəti illərdə ekspedisiyaların keçirilməsi üçün plan və yol xəritələri hazırlanmışdır.

Ölkənin digər ərazilərindən eks­pedisiyalarla 500-dən çox itmək təhlükəsində olan bitki nümunələri toplanaraq Milli Genbanka təhvil veril­mişdir. Hazırda xüsusi şəraitdə müxtəlif bitkilərə aid 8 min 604 nümunənin toxumları mühafizə olunur, mərkəzi məlumat bazasında isə 13 min 430 nümunənin pasport məlumatları sax­lanılır. Genetik Ehtiyatlar İnstitutunda və digər elmi-tədqiqat institutlarında saxlanılan bitki genofondlarının, eləcə də işğaldan azad edilən ərazilərin ərzaq və kənd təsərrüfatı bitki genetik ehtiyatlarının vəziyyətinə dair Üçüncü Ölkə Hesabatı hazırlanaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının saytına yüklənmişdir. Azərbaycanda biomüxtəliflik sahəsində aparılan tədqiqatların böyük bir hissəsini özündə əks etdirən “Asiyada Biomüxtəlifliyin saxlanılması və istifadəsi” adlı Sprinqer nəşriyatında çap olunan kitabda ilk dəfə Azərbaycanda aqrobiomüxtəlifliyin ümumi səciyyəsi ətraflı verilmişdir.

Son illərdə mühüm kənd təsərrüfatı bitkilərinin genetik müxtəlifliyinin qiymətləndirilməsi molekulyar marker və genom texnologiyalarından istifadə edilməklə həyata keçirilmiş, özək və əlamət kolleksiyaları yaradılmışdır. Artıq seleksiyada məqsədyönlü istifadə üçün genetik cəhətdən fərqli başlanğıc materiallar seçilmiş, çox sayda davam­lılıq genləri identifikasiya olunaraq yeni yaradılmış bitki sortlarına keçirilərək seleksiya prosesi xeyli qısaldılmışdır.

Azərbaycanın buğdanın mənşə mərkəzi kimi geniş biomüxtəlifliyə malik olması bu bitkinin daha dərindən öyrənilməsini şərtləndirmiş, onun müxtəlif növlərinə aid 700 nümunənin sekvens əsasında genotipləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan mənşəli buğdaların, onların yabanı əcdadlarının yüksək genetik va­riasiyaya malik olduğu danılmaz elmi faktlarla sübut edilmişdir. Bərk buğdanın kolleksiyasının genetik müxtəlifliyi genom boyu yayılmış 748 tək nukleotid polimorfizmi əsasında qiymətləndirilərək Azərbaycanın bərk buğdanın ilkin əmələgəlmə mərkəzlərindən biri olduğu bir daha təsdiq edilmişdir. Bundan başqa, buğda bitkisinin əsas yabanı əcdadlarından olan eqilops bitkisinin Azərbaycandan toplanmış 60 nümunəsinin tam genom sekvenslənməsi həyata keçirilmiş və hazırda genom verilənlərinin bioinfor­matik analizi həyata keçirilməkdədir.

İnstitutda bütün kolleksiya materia­larının keyfiyyət göstəriciləri əsasında qiymətləndirilməsi və protein markerləri əsasında genotipləşdirilməsi həyata keçirilir. Son ildə dənli-taxıl və paxlalı bitkilərin 172 nümunəsində texnoloji keyfiyyət göstəriciləri, eləcə də onların dənlərində zülalın miqdarı təyin edil­mişdir. İnstitutda dənli-taxıl və paxlalı, tərəvəz, bostan, texniki, yem və meyvə bitkilərinə aid 2 min 548 kolleksiya nümunələri tədqiq edilmişdir.

Buğda bitkisi üzrə aparılan tədqiqatlar əsasında Azərbaycanda “sürətli seleksiya” və “genom seleksiya­sı” kimi elmin müasir sahələrində, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üçün müxtəlif tipli modellərin hazırlan­ması istiqamətində yeni təşəbbüslər irəli sürülmüş və onların reallaşdırılması sahəsində ciddi addımlar atılmışdır.

İnstitutda uzunmüddətli seleksiya işləri nəticəsində 2021-ci ildə yumşaq buğdanın “Leyla” və “Almaz”, bərk buğdanın “Alyans”, arpanın “Nur” sortu rayonlaşdırılmış, Aqrar Xidmətlər Agentliyi tərəfindən Dövlət Reyestrinə daxil edilərək patent verilmişdir. Yeni yaradılmış sortlar əvvəlki illərdə rayonlaşdırılan sortlardan üstün­dür və onların təsərrüfatlarda geniş sahələrdə becərilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması işinə fayda verəcəkdir.

İnstitutda seleksiya öncəsi müxtəlif bitkilərin fundamental tədqiqi, tarla şəraitində xəstəlik və zərərvericilərə davamlılığı, eləcə də məhsuldarlığına görə kompleks qiymətləndirərək əldə edilmiş göstəricilər əsasında düzgün seçilmiş valideyn formaları seleksiyada hibridləşdirmə kombinasiyalarının daha da uğurlu olmasını imkan vermişdir.

2021-ci ildə pambıq genotiplərinin göbələk xəstəliklərinə yoluxması qiymətləndirilərkən 4 sitogenetik pam­bıq xəttinin həm laboratoriyada, həm də tarlada süni vilt fonunda yüksək davam­lılığa malik olduğu müəyyən edilmişdir. Seleksiyanın müxtəlif mərhələlərində öyrənilən pambıq genotiplərinin lif keyfiyyəti müasir üsullarla öyrənilərkən bəzi təsərrüfat əlamətlərinə və texno­loji xüsusiyyətlərinə görə 30 nümunə seçilmişdir. Yerli sortların lif çıxımının artırılması istiqamətində seleksiya proq­ramına başlanılmış və 11 kombinasiya­da türk-azərbaycan sortlarının hibridləri alınmış, lif çıxımı 40 faizdən yüksək 4 kombinasiya müəyyən edilmişdir. Bun­dan başqa, pambığın orta lifli sortlarının seleksiya proqramına uyğun yaradılan yeni xətləri müxtəlif kriteriyalar üzrə qiymətləndirilmiş, 3 seleksiya qrupu üzrə iqtisadi əhəmiyyətli 20 yeni xətt seçilmişdir.

Molekulyar səviyyədə tədqiqatlar nar, zeytun, ərik, armud, əncir, gilas və s. bitkilərin də biomüxtəlifliyini əhatə etməklə genetik cəhətdən fərqli formalar aşkar edilərək seleksiyaçılara təqdim olunmuşdur. İlk dəfə olaraq molekulyar marker texnologiyasından istifadə etməklə, mikrosatellitlərarası lokuslar əsasında yerli nar sort və for­malarında yüksək genetik müxtəlifliyin olması təsdiq edilmiş, kolleksiya nümunələrinin genetik qohumluq dərəcələri müəyyənləşdirilmişdir. 7 nar sortunun tam genomunun oxunması və müqayisəli analizi üzrə tədqiqatlar uğur­la yekunlaşdırılmış, digər orqanizmlərin (ərik, gilas, mərcimək, noxud, eqilops və s.) genom səviyyəsində daha dərindən öyrənilməsinə başlanılmışdır.

Nar bitkisi üzrəində aparılan uzunmüddətli tədqiqat işlərinin nəticəsi olaraq 2021-ci ildə narın “Fatimə” sortu rayonlaşdırılaraq patent əldə edilmişdir. Bundan başqa, ilk dəfə olaraq Azərbaycan və Türkiyə mənşəli zeytunun aid sort və formalarının genetik polimorfizmi spesifik molekulyar markerlərlə müqayisəli tədqiq olunmuş, kolleksiyalar arası genetik müxtəliflik, fi­logenetik əlaqələr qiymətləndirilmiş, hər iki kolleksiyanın özünəməxsus genetik profilə və yüksək genetik variasiyaya malik olduğu müəyyən edilmişdir.

Kənd təsərrüfatının davamlı inkişafı­nın əsas hərəkətverici qüvvəsi toxum­çuluq hesab edilir. Yeni yaradılmış sortların elmi əsaslı ilkin toxumçuluğu təşkil edilmişdir. 2021-ci ildə Milli Avia­siya Akademiyası ilə birlikdə aparılan tədqiqat işi nəticəsində bitki toxumları­nın səpinqabağı emalı məqsədilə ozon­laşdırma əsaslı uyğun texnologiyaların, həmçinin konveyer tipli idarəolunan pilot qurğusunun yaradılması və tətbiqi nəticəsində 2020-2021-ci mövsüm illərində məhsuldarlıq hektardan orta hesabla buğda və arpa bitkiləri üzrə 17 faiz (Tərtər, Zərdab), pambıq üzrə 15 faiz, (Salyan, Zərdab), qarğıdalı üzrə isə 20 faiz (Şəki, Biləsuvar) artmış və keyfiyyət göstəriciləri nəzarətlə müqayisədə yüksək olmuşdur. Əldə edilən nəticələr Azərbaycan Respubli­kası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilmişdir.

2021-ci ildə İnstitutun tarixində ən mühüm hadisələrdən biri Tərtər rayo­nunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasına alimlərin qayıdışı olmuşdur. 22 oktyabr 2021-ci il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və İnsti­tutun təşkilatçılığı, eləcə də müvafiq dövlət və özəl qurulmarının rəhbər və mütəxəssislərinin iştirakı ilə “AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının ilkin toxumçuluğunun təşkili” möv­zusunda tarla seminarı keçirilmişdir. Minalardan təmizlənərək suvarma suyu ilə təmin olunmuş 30 hektar ərazidə bölgə üçün yaradılmış 11 yeni buğda sortunun 27 ildən sonra ilkin toxum­çuluğu təşkil olunmuş, 1500-dən artıq kolleksiya nümunəsinin təcrübi əkinləri həyata keçirilmişdir. Müxtəlif meyvə, üzüm, tərəvəz, bostan, paxlalı, texniki və yem bitkilərinin əkinlərinin aparılma­sı üçün 70 hektar sahə hazırlanmış­dır. Bazanın infrastrukturunun smart texnologiyalar əsasında bərpa olun­ması üçün layihə hazırlanaraq müvafiq qurumlara göndərilmişdir. Bazanın fəaliyyətinin təşkil olunması bölgədə kənd təsərrüfatının inkişafına ciddi təsir göstərəcəkdir.

İnstitutda kənd təsərrüfatı heyvanla­rının genetik ehtiyatlarının öyrənilməsi, əvvəlki illərdə yaradılmış məlumat bazasının mütəmadi yenilənməsi və zənginləşdirilməsi, eləcə də yerli heyvan cinslərinin genetik səviyyədə tədqiqi üzrə də tədqiqatlar davam etdi­rilmişdir. İlk dəfə olaraq Azərbaycanda yetişdirilən bal arısının müxtəlif cinslərinin genetik müxtəlifliyinin tədqiqi üzrə molekulyar metodlar optimallaşdı­rılmış və tədqiqatlara başlanılmışdır.

İnstitutda aparılan fundamental tədqiqatların dərinləşdirilməsi və elmin müasir istiqamətləri üzrə dünya elminin çağırışlarına qoşulmaq məqsədilə insan genetikası, kompüter genomikası və kök hüceyrəsi sahəsində dünyanın apa­rıcı elmi-tədqiqat mərkəzləri ilə əlaqələr qurulmuş, xaricdə təhsil almış gənc tədqiqatçılar cəlb edilməklə çox sayda kadrlar hazırlanmışdır. 2021-ci ildə yoğun bağırsaq xərçəngi diaqnozu qo­yulan xəstələrin toxuma nümunələrində müxtəlif genlər üzrə 10 mutasiya aşkar edilərək tipləri müəyyən edilmişdir. Düşen əzələ distrofiyası xəstəliyi üzrə üç mutasiya aşkar edilmişdir. İnsan genetikası sahəsində tədqiqatlar genom və ekzom səviyyəsində davam etdirilməkdədir.

İnstitutda fəaliyyət göstərən Beynəlxalq kompüter genomikası laboratoriyasında “Mövcud bioinfor­matik resurslardan istifadə etməklə genom verilənlərinin müqayisəli analizi, yeni bioinformatik proqramların və məlumat bazasının yaradılması” ilə bağlı tədqiqatlar uğurla davam etdirilir. Müxtəlif orqanizmlər üçün əldə edilmiş genom verilənlərinin analizi həyata keçirilmiş, Rusiya Elmlər Akademiya­sının elmi tədqiqatçıları ilə birlikdə ilk dəfə olaraq oxşar tənzimləyici genetik kodları axtarmaq və onların translyasi­yanın səmərəliliyinə təsirini öyrənmək məqsədilə JetGene İnternet resursu - https://jetgene.bioset.org hazırlan­mış və dünya elmi işçilərinin ixtiyarına verilmişdir.

Tibbi genetika sahəsində klini­kaların tələbatını ödəmək, xüsusilə xaricə göndərilən valyutanın ölkədə qalmasını təmin etmək məqsədilə kök hüceyrəsi sahəsində müasir səviyyədə tədqiqatların aparılması üçün 2018-2020-ci illərdə AMEA tərəfindən maliyyələşdirilən elmi-tədqiqat proqramı uğurla həyata keçirilərək kök hüceyrəsi üzrə elmi baza formalaşdırılmış, ABŞ, Fransa və Türkiyədən olan tərəfdaşların köməkliyi ilə yüksək ixtisaslı kadrlar hazırlanmışdır.

İnstitutun gələcək elmi fəaliyyəti birbaşa yüksək ixtisaslı kadrların ha­zırlanmasından asılıdır. Bu baxımdan, uzun illərdir kadr hazırlığı işinə xüsusi diqqət yetirilir. Son ildə İnstitutda 1 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər dok­toru hazırlığı üzrə dissertasiya işlərini uğurla müdafiə etmişlər. Hazırda İnsti­tutun kadr potensialının böyük hissəsini gənc alim və mütəxəssislər təşkil edir. 2021-ci ildə institutun elmi işçiləri tərəfindən 148 elmi əsər, o cümlədən 3 kitab, 1 monoqrafiya, Web of Science və Scopus bazalarına daxil olan jurnal­larda17 məqalə çap etdirilmişdir.

2021-ci ildə İnstitutun beynəlxalq proqramlarda daha aktiv iştirakı təmin edilmiş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Qlobal əhəmiyyətli aqro-bio­loji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi üzrə fəaliyyətlər uğur­la yekunlaşdırılmış, Avropa Birliyinin COST proqramı üzrə 2 yeni layihəsinə, TrustFondun isə 1 layihəsinə qoşulmuş­dur. Hazırda İnstitutun mütəxəsisləri 7 beynəlxalq layihədə iştirak edirlər. Son ildə İnstitut COST proqramı üzrə 1 layihənin hazırlanmasında iştirak etmiş, 2 yeni layihəyə qoşulmaq üçün isə müzakirələri davam etdirmişdir. Layihələr çərçivəsində onlarla gənc mütəxəssisin Avropanın tanınmış universitetlərinə ezam edilməsi planlaş­dırılır ki, bu da Azərbaycanda genetika elminin dünya elminə daha sıx inteqra­siyasına təkan verəcəkdir.

Genetik Ehtiyatlar İnstitutu ölkədə aparılan hərtərfli islahatların, eləcə də AMEA-nın 2020–2025-ci illər üçün İnkişaf Proqramının tələblərinə uy­ğun olaraq gələcək hədəflərini və prioritetlərini müəyyənləşdirmişvə özünün uzunmüddətli strateji inkişaf konsepsiyasını hazırlamışdır. İnstitut tərəfindən “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2022–2030-cu illər üzrə dövlət proqramı, 2022–2024-cü illər üzrə “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun smart texnologiyalar­dan istifadə etməklə bərpa edilməsi” layihəsi, eləcə də 2022–2030-cu illər üzrə “Azərbaycanın bitki genetik ehtiyatları üzrə strategiya” hazırlayaraq müvafiq qurumlara təqdim etmişdir.

Beləliklə, institutun kollektivi yerli və beynəlxalq öhtəliklərdən irəli gələrək ölkənin milli genetik ehtiyatlarının daha etibarlı mühafizəsi, onların ən müasir metodlarla daha dərindən öyrənməklə səmərəli istifadəsi, yeni bitki sortları ya­ratmaqla əhalinin ərzaq təhlükəsizliyinin dayanıqlı şəkildə təmin olunması və yüksək ixtisaslı kadrların hazırlanması sahələrində fəaliyyətini daha əzmlə davam etdirəcəkdir.

 

Zeynal ƏKPƏROV,

AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru,

AMEA-nın müxbir üzvü

 

Milli genofondun öyrənilməsi: nailiyyətlər, perspektivlər və qlobal çağırışlar - XALQQAZETI.COM