НОВОСТИ
13:00, 03.02.2022
AMEA Genetik Ehtiyatlar İnstitutu Avropa Komissiyasının yeni layihəsinə qoşuldu

Avropa Komissiyasının 5 layihəsinə 2019-2021-ci illərdə qoşulmuş AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları hal-hazırda müvafiq layihələr çərçivəsində elmi əməkdaşlığı uğurla davam etdirirlər.

İnstitut aparılan danışıqlar nəticəsində 2022-ci ilin yanvar ayında Komissiyanın yeni COST proqramı üzrə “ Aləmlər arasında RNT əlaqələri: patogen nəzarətində yeni mexanizm və strategiyalar ” adlı yeni layihəyə qoşulmuşdur. Böyük Britaniyanın Edinburq Universitetinin rəhbərlik etdiyi Layihənin 2025-ci ilədək davam edəcəyi gözlənilir.

Layihənin əsas istiqaməti molekulyar genetikanın yeni tədqiqat sahəsi olan “Aləmlər arasında RNT əlaqələri: patogen nəzarətində yeni mexanizm və strategiyalar ”ın tədqiqi sahəsində dünya alimlərinin əməkdaşlığının gücləndirilməsi, davamlı inkişaf məqsədlərinə uyğun olaraq xəstəlik və zərərvericilərə nəzarətin idarəolunması sahəsində yeni bioloji modellərin yaradılması və mexanizmlərinin fundamental əsaslarının öyrənilməsindən ibarətdir.

Böyük Britaniya, ABŞ, Almaniya, Belçika, İspaniya, Yunanıstan, Fransa, Serbiya, Türkiyə, Moldova, İsrail, Argentina və s. inkişaf etmiş ölkələrin nüfuzlu universitet və elmi tədqiqat mərkəzləri Layihədə iştirak edir. Bu Layihədə Azərbaycanı AMEA-nın Genetik Ehtiyatlar İnstitutu təmsil edir. Layihə çərçivəsində 2022-2025-ci illər ərzində birgə tədqiqatların aparılması, eləcə də gənc tədqiqatçıların tərəfdaş ölkələrin elmi mərkəzlərinə qısa və orta müddətli səfərləri planlaşdırılır.