НОВОСТИ
11:27, 06.12.2021
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Bakı şəhərində keçirilən “Azərbaycanda iqlim dəyişilmələrinə uyğunlaşmanın planlaşdırılması və icrası məqsədilə Milli Uyğunlaşma Planına Dəstək” Layihəsinə həsr olunmuş seminarda iştirak etmişdir.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 04.12.21-ci il tarixdə Bakı şəhərində yerləşən “Fairmont” mehmanxanasında “Azərbaycanda iqlim dəyişilmələrinə uyğunlaşmanın planlaşdırılması və icrası məqsədilə Milli Uyğunlaşma Planına Dəstək” Layihəsi mövzusunda seminar keçirildi. BMT-nin İnkişaf Proqramının baş məsləhətçisi Çingiz Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra seminar öz işini davam etdirdi.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası qurumlarının səlahiyyətli nümayəndələrinin iştirak etdiyi Seminarda adıgedən Layihə üzrə ayrı-ayrı iddiaçıların (Zaur Əliyev, Cəvahir Muradova, Şamil Hüseynov, Nərmin Həşimli, İlahə İbrahimova, Rafiq Verdiyev, Asif Verdiyev) təqdimatları seminarın iştirakçıları tərəfindən çox diqqətlə və maraqla izlənildi, hər bir təqdimatın sonunda işgüzar müzakirələr aparıldı.
Seminarda AMEA-nı təmsil edən Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayevin təklif və tövsiyələri də iddiaçılar tərəfindən maraqla qarşılandı və məqbul sayıldı. O, iqlim dəyişikliyini, orqanizmdə hər hansı bir xəstəlik səbəbindən özünü biruzə verən simptomatik əlamətlərlə müqayisə edərək, onun etiologiyasının əsas səbəbinin ətraf mühitdə müxtəlif proseslərdə axtarılması ilə yanaşı, baş verə biləcək iqlim dəyişikliyi risklərinə qarşı profilaktik mübarizə tədbirlərinin sahilyanı ərazilərdə, kənd təsərrüfatında və su ehtiyatları sahələrində daha mütəşəkkil təşkil olunmasında israrlı olduğunu və ayrı-ayrı təqdimatlara uyğun olaraq öz aşağıdakı tövsiyələrini bildirdi: qlobal problem olan İqlim dəyişikliyinə dair adıgedən Layihənin yüksək səviyyədə başa çatdırılması üçün AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu istisna edilməməklə, digər aidiyyatı elmi müəssisələri ilə əməkdaşlığın göstərilməsi; inkişaf etmiş xarici ölkələrin modelləri əsas götürülərkən, həm də yerli relyef və iqlim xüsusiyyətlərinin, Azərbaycanda mövcud 11 iqlim qurşağından 9-nun ölkə ərazisindən keçməsinin nəzərə alınması; iqlim dəyişikliyinin yarada biləcək risklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi ilə yanaşı, tədbirlərin əsasən ətraf mühitin sağlamlaşdırılması istiqamətinə yönəldilməsi; kənd təsərrüfatının, biosferin və atmosferin dayanıqlığının torpağın, biomun dayanıqlığından asılı olmasının nəzərə alınaraq biosferin ayrılmaz bir hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının 30 ildən artıq bir müddətdə, Ermənistan tərəfindən işğal edilmiş, ümumilikdə ölkə ərazisinin 20 faizdən çox hissəsində bioloji müxtəlifliyin, meşələrin və min illərlə formalaşmış meşə döşənəklərinin erməni terrorizmi sayəsində məhv edilməsinin bilavasitə dünyada iqlim dəyişikliyinə təsirinin istisna edilməməsinin əsaslandırılmasının Layihənin icrası zamanı nəzərə alınması; iqlim dəyişikliyi nəticəsində ölkədə baş verə bilən su qıtlığı risklərinin qarşısının alınması istiqamətində, Xəzər dənizindən istifadə olunması istisna edilməməklə, alternativ su ehtiyat mənbələrinin yaradılması üçün ölkə ərazisinin coğrafi mövqeyi və relyefi nəzərə alınmaqla şirin su buzlaqlarının yaradılması ilə bağlı aidiyyatı mərkəzi icra hakimiyyəti qurumları qarşısında məsələ qaldılmasının dəstəklənməsi.
Vəli Qarayev tədbirin sonunda tədbir iştirakçıları adından seminarın mütəşəkkil olaraq keçirilməsinə müvafiq şərait yaradıldığına görə seminarın təşkilatçılarına öz minnətdarlığını bildirdi