НОВОСТИ
11:49, 26.05.2026
Genetik Ehtiyatlar İnstitutunda maarifləndirici seminar keçirilib
25 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda “Milli genofondun bərpası, mühafizəsi və seçilmiş nümunələrdən səmərəli istifadə olunması” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarın məqsədi milli genetik ehtiyatların qorunması, toxum materiallarının uzunmüddətli saxlanılması, onların həyat qabiliyyətinin monitorinqi və regenerasiya proseslərinin elmi əsaslarla həyata keçirilməsi istiqamətində aparılan tədqiqatların müzakirəsi olmuşdur.
Seminarda ilk olaraq Rüşeym plazması laboratoriyasının müdiri Sevinc Məmmədova genetik ehtiyatların qorunması və regenerasiyası prosesinin əsas mərhələlərini ətraflı şəkildə təqdim etmişdir. Bildirilmişdir ki, toxum ehtiyatlarının və onların həyat qabiliyyətinin mütəmadi monitorinqi genofondun uzunmüddətli mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edilmişdir ki, nümunələrin həyatilik qabiliyyəti kritik həddən aşağı düşdükdə və ya toxum ehtiyatı reprezentativ populyasiyanın bərpası üçün kifayət etmədikdə regenerasiya prosesi həyata keçirilməlidir.
Məruzədə regenerasiya mərhələlərinin elmi-praktik əsasları geniş izah olunmuşdur. Sevinc Məmmədova vurğulamışdır ki, regenerasiya zamanı ilkin materiala ən uyğun nümunələrin seçilməsi, effektiv populyasiya ölçüsünün qorunması və genetik müxtəlifliyin saxlanılması əsas prinsiplərdəndir. Bununla yanaşı, hər bir növün bioloji xüsusiyyətləri nəzərə alınaraq uyğun mühitin seçilməsi, sahələrin hazırlanması, əkin müddətlərinin düzgün müəyyənləşdirilməsi və aqrotexniki tədbirlərin vaxtında aparılması vacib hesab olunur.
Çıxış zamanı bitkilərin inkişaf mərhələlərinin davamlı monitorinqi, suvarma, gübrələmə, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirlərinin optimal şəkildə həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Həmçinin çarpaz tozlanmanın qarşısının alınması, genetik təmizliyin qorunması və nümunələrin identikliyinin vizual, herbari və molekulyar marker üsulları ilə yoxlanılması barədə ətraflı məlumat verilmişdir.
Sevinc Məmmədova qeyd etmişdir ki, regenerasiya prosesində qeyri-tipik xüsusiyyət göstərən bitkilərin uzaqlaşdırılması, fenotipik heterogenliyin monitorinqi və foto sənədləşdirmənin aparılması genetik autentikliyin qorunmasına xidmət edir. Məruzədə toxumların məhsul yığımından sonra təmizlənməsi, qurudulması, ilkin emalı və optimal şəraitdə saxlanmasının genetik resursların uzunmüddətli mühafizəsində mühüm rol oynadığı vurğulanmışdır.
Bundan əlavə, regenerasiya prosesinin bütün mərhələlərinin – əkin tarixi, istifadə olunan aqrotexniki tədbirlər, sahə şəraiti, bitkilərin sayı, sağqalma göstəriciləri və məhsul yığımı tarixinin dəqiq sənədləşdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, genbank informasiya sistemləri vasitəsilə məlumatların avtomatik izlənməsi və ehtiyatların mütəmadi qiymətləndirilməsi gələcək tədqiqatlar üçün mühüm elmi baza yaradır.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov çıxış etmişdir. O, genetik ehtiyatların qorunmasının strateji əhəmiyyətindən danışaraq genofondun milli sərvət olduğunu və ölkənin kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır. Professor Zeynal Əkpərov qeyd etmişdir ki, milli yerli genetik ehtiyatların bərpası, qorunması vəbütün başqa fəaliyyətlər bu sahədə Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Seminar çərçivəsində iştirakçılar tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, genetik ehtiyatların qorunması və onlardan səmərəli istifadə olunması istiqamətində görüləcək işlər müzakirə edilmişdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və geniş fikir mübadiləsi aparılmışdır.