НОВОСТИ
17:09, 25.05.2026
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında respublika elmi-praktiki seminarı keçirilmişdir
22 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ağdərə rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi Tədqiqat Bazasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İşğaldan sonra milli genofondun bərpası, tədqiqi, yeni yüksək məhsuldar sortların yaradılması və toxumçuluğu” mövzusunda respublika elmi-praktiki seminarı keçirilmişdir.
Tədbirdə elmi-tədqiqat müəssisələrinin əməkdaşları, aqrar sahə üzrə mütəxəssislər, yerli təhsil müəssisələrinin rəhbər və müəllim heyəti, tələbələr, icra nümayəndələri və fermerlər iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun, aqrar elmlər üzrə fəlsəfə doktoru Abdin Abdullayevin və Qarabağ Elmi Tədqiqat Bazasının müdiri Məhəmməd Şirinovun Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı bitkilərinin milli genofondunun bərpası, onların qorunması və iqlim şəraitinə davamlı yüksək məhsuldar sortların yaradılması, eləcə də toxumçuluq sisteminin inkişaf etdirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri barədə məruzələri dinlənilmişdir.
Daha sonra müzakirələr bilavasitə dənli taxıl və paxlalı bitkilərin kolleksiya və yeni sortlarının əkin tarlasında davam etdirilmişdir. Müzakirələrdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, kollecin müəllim heyəti və tələbələr, Bərdə Regional Fitosanitar Xidmətinin baş aqronomu Füzuli Əzimov, aparıcı aqronom Eldar Abbasov, yerli icra nümayəndələri Kamran Əhmədov, Ramiz Zeynalov və bölgəni təmsil edən fermerlər iştirak etmişlər.
Eyni zamanda, Tərtər Peşə Məktəbinin direktoru Əli Babayevin rəhbərliyi ilə məktəbin mühəndis-pedaqoji heyəti, bitkiçilik mütəxəssisi, meyvə və tərəvəz ustası ixtisas qruplarının tələbələri seminarın işinə qatılmışlar.
Regionda aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının bərpası, ərzaq təhlükəsizliyinin təmin olunması, müasir seleksiya və toxumçuluq texnologiyalarının tətbiqinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tədbirin təşkilində və həyata keçirilməsində Qarabağ Elmi Tədqiqat Bazasının kollektivinin əməyi xüsusi qeyd olunmuş, işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat fəaliyyətinin bərpası və inkişafı istiqamətində gördükləri işlərin təqdirəlayiq olduğu qeyd edilmişdir.
Seminarın sonunda Qarabağ bölgəsində kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi, genetik ehtiyatların səmərəli istifadəsi və toxumçuluq fəaliyyətinin genişləndirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.