НОВОСТИ
17:21, 20.05.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 20 may 2026-cı il tarixində növbəti elmi seminar təşkil olunub. Seminar çərçivəsində İnstitutun İmmunogenetika şöbəsinin baş elmi işçisi, aqrar elmlər doktoru, dosent Cəbrayıl Ağayev “Bitkilərin göbələk, bakterial və virus xəstəliklərinin taksonomiyası, quruluşu, yayılma yolları, patologiyası və sort nümunələrinin davamlılığının qiymətləndirilməsi üsulları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə bitki xəstəliklərinin yaranma səbəbləri, yayılma mexanizmləri və elmi təsnifat prinsipləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, patogenlik, virulentlik, aqressivlik və parazitizm xəstəlik törədicilərinin bioloji xüsusiyyətlərini və onların bitkilərə təsir səviyyəsini müəyyən edən əsas göstəricilərdir.
Seminar zamanı bakterial və göbələk mənşəli xəstəliklərin kənd təsərrüfatı bitkiləri üçün yaratdığı təhlükələr geniş şəkildə təhlil olunmuşdur. Qeyd edilmişdir ki, təbiətdə mövcud olan 3000-dən artıq bakteriya növündən 100-dən çoxu bitkilərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda, fungi aləminə aid çoxsaylı göbələk növlərinin bitki toxumalarında inkişaf edərək məhsuldarlığın azalmasına və genetik materialın zədələnməsinə gətirib çıxardığı diqqətə çatdırılmışdır.
Məruzəçi çıxışında bitki genetik ehtiyatlarının xəstəlik və zərərvericilərdən qorunmasının strateji əhəmiyyətini xüsusi vurğulamışdır. Bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün kompleks və inteqrasiya olunmuş mühafizə tədbirlərinin tətbiqinin vacibliyi qeyd edilmişdir. Becərilən və regenerasiya prosesinə cəlb olunan sort nümunələrinin sağlamlığının qorunması məqsədilə aqrotexniki tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin əsas şərtlərdən biri olduğu bildirilmişdir. Bu baxımdan növbəli əkin sisteminin tətbiqi, torpağın düzgün becərilməsi, gübrələmənin torpaq analizlərinin nəticələrinə uyğun aparılması, keyfiyyətli toxum materialından istifadə və alaq otlarına qarşı müntəzəm mübarizə mühüm tədbirlər kimi qiymətləndirilmişdir.
Sonda vurğulanmışdır ki, sağlam və davamlı sort nümunələrinin mühafizəsi yalnız məhsuldarlığın artırılması baxımından deyil, həm də kənd təsərrüfatında ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Seminar mövzu ətrafında geniş fikir mübadiləsi, iştirakçıların suallarının cavablandırılması və elmi müzakirələrlə başa çatmışdır.