НОВОСТИ
15:54, 24.04.2026
Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
AR ETN Genetik Ehtiyatlar Institutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib. Seminarda işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələləri müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Rzaqulu Hacıyev Genetik Ehtiyatlar İnstitutunun ölkənin bioloji təhlükəsizliyinin qarantı olduğunu vurğulayaraq, həm laboratoriya, həm də çöl tədqiqatları zamanı əməkdaşların təhlükəsizliyinin prioritet məsələ olduğunu qeyd edib. R.Hacıyev bildirib ki, Azərbaycanın genofondunu qoruyan alimlərimizin sağlamlığı və layiqli iş şəraiti dövlətin və Həmkarlar İttifaqının daim diqqət mərkəzindədir.
Daha sonra İnstitutun Texniki təhlükəsizlik üzrə mühəndisi Yaqut Əliyeva təqdimatla çıxış edib, laboratoriyalarda yüksək texnologiyalı cihazlarla, genetik analizatorlarla və kimyəvi reaktivlərlə iş zamanı riayət olunmalı olan texniki normativləri xatırladıb. O, xüsusilə havalandırma sistemlərinin düzgün işləməsi, fərdi mühafizə vasitələrindən istifadə və yanğın təhlükəsizliyi qaydalarının "kağız üzərində" deyil, gündəlik həyat tərzinə çevrilməsinin vacibliyini vurğulayıb.
Dövlətimiz tərəfindən təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bununla yanaşı, iqtisadi uğurlarını daim artırmağa çalışan işəgötürənlər də, ilk növbədə, öz işçiləri üçün layiqli iş yeri yaratmalı, işçilərin sağlamlığı naminə təhlükəsiz əmək şəraitini daim diqqətdə saxlamalıdırlar.
Sonda seminar iştirakçılarının sualları cavablandırlıb və şəkillər çəkilib.