14:56, 03.04.2026
ELAN
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 07.04.2026-cı il saat 11:00-da Dənli taxıl və paxlalı bitkilər şöbəsinin müdiri, b.ü.f.d., dosent Xanbala Rüstəmovun "Azərbaycanın yeni bərk buğda sortları: problemlər və perspektivlər" mövzusunda elmi seminarı keçiriləcək.
Bərk buğda yumşaq buğdadan sonra Yer kürəsində ən geniş ərazilərdə becərilmişdir və geniş polimorfizmi ilə seçilir. Ən qədim dövrlərdən Azərbaycanın düzən və dağətəyi bölgələrində, əsasən payızlıq əkinlərdə becərilmiş, əkin sahəsinə görə birinci yeri tutmuşdur. Hələ XX əsrin 60-70-ci illərində payızlıq dənli bitki əkinlərinin 75 %-ni bərk buğda sortları təşkil etmişdir. Növdaxili polimorfizmə görə bölgə yalnız Aralıq dənizi hövzəsi ölkələrindən geri qalır.
Azərbaycanda seçmə (Arandəni, 1934) və hibridləşdirmə (Şərq, 1945) yolu ilə V.İ.Qromoçevskinin yaratdığı ilk seleksiya sortları İ.D.Mustafayev (Sevinc, Cəfəri), C.Ə.Əliyev və həmkarlarının yaratdıqları Muğan, Şirvan 3, Mirbəşir 50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan, Bərəkətli 95 və s. sortlar bərk buğda növünə aiddir. İnzibati-amirlik idarəetmə sistemi, Bezostaya 1 tipli daha məhsuldar yumşaq buğda sortlarının yaradılması və tətbiqi nəticəsində bərk buğda sortları tədricən tarlalardan sıxışdırılmışdır.
Qlobal iqlim dəyişkənlikləri fonunda Aərbaycanın brend bitkilərinin biotik və abiotik amillərə davamlı, adaptiv məhsuldarlığa və yüksək keyfiyyət göstəricilərinə malik yeni sortlarının yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılmışdır. Nəticədə intensiv və yarımintensiv tipli yeni Mətin, Xəzri, Əsgəran, Altun-2, Səba 2, Billur, Əsəd-80, Onur, Yubiley-90, Gülüstan-100, Xəmsə, Romanna və s. yumşaq buğda və Zəngəzur, Maya, Göytəpə, Korifey-88, Comərd, Alyans, Rəvan, Xudafərin, Salvartı, Ağdərə, Zəfər, Qarqar və s. bərk buğda sortları yaradılmışdır.
Yumşaq buğdaların məhsuldarlığı ilk baxışda yüksək olsa da, vahid sahədən alınan məhsulun maya dəyərinə nəzər saldıqda, təkcə toxumun və tarlanın pestisidlərlə dərmanlanmasına çəkilən xərclər rentabelliyi aşağı salır. Bildiyimiz kimi, bərk buğdalar sürmə, pas və digər göbələk xəstəliklərinə daha tolerantdır. Bərk buğda sortlarıının quraqlığa, şaxtaya davamlılığı, yumşaq buğdaya nisbətən aşağı olsa da, çox yüksək anomal hərarətə tolerantlığı yüksəkdir.
Son illərdə suvarma şəraitində məhsuldarlıq və dənin keyfiyyət göstəricilərinə görə müasir yumşaq buğda sortları ilə rəqabətə qabil Zəngəzur, Maya, Korifey-88, Alyans və başqa bərk buğda sortları yaradılmışdır. Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq qısaboylu (75-95 sm), intensiv tipli, yumru dənli, məhsuldarlıq və dənin keyfiyyət göstəricilərinə görə suvarma əkinçiliyinin tələblərinə tam cavab veryeni bərk buğda sortları (Comərd-90, Salvartı, Ağdərə, Zəfər, Qarqar) yaradılmışdır.
Dən məhsulunun artırılması, əhalinin ərzaq məhsullarına tələbatının ölkədaxili istehsal hesabına ödənilməsi üçün ən səmərəli yol biotik və abiotik amillərə kompleks davamlı, yüksək məhsuldarlığa və dən keyfiyyətinə malik sortların yaradılması, onların elit toxumçuluğunun təşkili – intensiv yayımıdır.