НОВОСТИ
11:55, 26.11.2025
Genetik Ehtiyatlar İnstitutunun alimi Minskdə beynəlxalq konfransda məruzə ilə çıxış edib
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Molekulyar Genetika və Genomika laboratoriyasının aparıcı elmi işçisi, dosent Leyla Vəliyeva Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun 60 illik yubileyinə həsr olunmuş “XXI əsrin genetikası və biotexnologiyası: problemlər, nailiyyətlər, perspektivlər” adlı VI Beynəlxalq Elmi Konfransda iştirak edib. Tədbir 18–20 noyabr 2025-ci il tarixlərində Minsk şəhərində keçirilib.
Alim konfransda “Tünd dənli qarğıdalının antiradikal aktivliyi” mövzusunda məruzə təqdim edərək, yerli qarğıdalı formalarının antosianinlərlə zəngin kolleksiyasının yaradılması və uzunmüddətli tədqiqi üzrə əldə olunan əsas nəticələri diqqətə çatdırıb.
L.Vəliyevanın təqdimatı konfransın “Kənd təsərrüfatı bitkilərinin genetikası və seleksiyası” bölməsində böyük maraqla qarşılanıb və mövzu üzrə geniş müzakirələr aparılıb. Çıxışdan sonra alimə Minsk, Almatı, Sankt-Peterburq, Moskva və Novosibirsk elmi mərkəzləri ilə əməkdaşlıq və birgə tədqiqatlar aparılması təklif edilib.
Konfransın sonunda təşkilatçılar tərəfindən bütün iştirakçılara sertifikatlar təqdim edilib.