НОВОСТИ
16:39, 12.11.2025
Genetik Ehtiyatlar İnstitutunda Konstitusiya Günü qeyd olunub
AR ETN Genetik Ehtiyatlar İnstitutunda “Konstitusiya və suverenlik” ili çərçivəsində 12 noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun tarixi əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunub, 27 noyabrda təsdiq edilərək hüquqi qüvvəyə minib. Konstitusiyaya edilən dəyişikliklər onun daha da təkmilləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. O, əlavə edib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir və bu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərin parlaq nümunəsidir.
Daha sonra İnstitutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Rzaqulu Hacıyev çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğunun əsaslarını müəyyən edən, demokratik inkişafı təmin edən və cəmiyyətin siyasi, sosial, iqtisadi və mədəni həyatında mühüm dəyişiklikləri təmin edən əsas qanundur. Çıxışında vurğulayıb ki, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan bu mühüm sənəddə Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edilib. Konstitusiyanın bir sıra maddələri insanların rifahının yüksəldilməsi, sosial təminatın gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına yönəlmiş mühüm prinsipləri özündə əks etdirir.
R.Hacıyev həmçinin bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda il ərzində bir sıra tədbirlər, elmi-praktik seminarlar və maarifləndirici görüşlər keçirilib. Bu tədbirlərin əsas məqsədi Konstitusiya dəyərlərinin təbliği, hüquqi dövlət quruculuğunun və vətəndaş məsuliyyətinin gücləndirilməsi olub.