18:00, 24.10.2025
Genetik Ehtiyatlar İnstitutu ilə Elmi-Tədqiqat Kardiologiya İnstitutu arasında əlaqələr genişləndirilir
AR ETN Genetik Ehtiyatlar İnstitutu ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu arasında 23 oktyabr 2025-ci il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumun imzalanmasında əsas məqsəd kardiologiya sahəsində regenerativ tibbin inkişafını dəstəkləmək, xüsusilə ürək-damar xəstəliklərinin müalicəsində kök hüceyrə texnologiyalarının tətbiq imkanlarını genişləndirmək, bu istiqamətdə birgə elmi-tədqiqat fəaliyyətləri həyata keçirmək, kliniki və laborator layihələr icra etmək, həmçinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verməkdən ibarətdir.
Razılaşmaya uyğun olaraq, tərəflər birgə elmi konfrans və seminarların təşkili, müvafiq elmi nəşrlərin hazırlanması, həmçinin innovativ texnologiyaların tibbi tətbiqi sahəsində qarşılıqlı əməkdaşlıq edəcəklər.
İmzalanmış Memorandum ölkədə regenerativ tibb və biotexnologiya sahəsində yeni elmi əməkdaşlıq platformasının formalaşmasına, multidissiplinar elmi mühitin inkişafına və beynəlxalq elmə inteqrasiyanın gücləndirilməsinə mühüm zəmin yaradır.