НОВОСТИ
15:32, 23.05.2025
Genetik Ehtiyatlar İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilmişdir
AR-in İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 18 may -18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” çərçivəsində AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 23 may 2025-ci il tarixində maarifləndirici seminar keçirilmişdir.
Seminarın keçirilməsində məqsəd insan hüquq və azadlıqları barədə məlumatlılığın artırılması, əməkdaşların bu sahədə hüquqi biliklərinin gücləndirilməsi, eləcə də institut daxilində insan hüquqlarının qorunmasına dair ictimai düşüncənin inkişaf etdirilməsi olmuşdur.
Tədbiri GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov açaraq iştirakçıları salamlamış və ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər haqqında geniş məlumat vermişdir. O, bildirmişdir ki, AR-in Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə bu tarix ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Bu əlamətdar gün, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların və nailiyyətlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Z.Əkpərov, həmçinin insan hüquqları mövzusunda maarifləndirici fəaliyyətlərin Genetik Ehtiyatlar İnstitutunda davamlı şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğulamışdır.
Daha sonra institutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, hüquqşünas Rzaqulu Hacıyev çıxış edərək bildirmişdir ki, Konstitusiya qanunvericiliyinə əsasən qəbul edilmiş müxtəlif sahəvi qanunlar çərçivəsində əmək hüququ, birgə yaşayış qaydaları, ailə münasibətləri və uşaq hüquqlarının müdafiəsi ilə bağlı məsələlər hüquqi baxımdan tənzimlənməkdədir. O, seminar çərçivəsində iştirakçılara bu sahələri əhatə edən normativ hüquqi aktlar – xüsusilə əmək qanunvericiliyi, Ailə Məcəlləsi, Uşaq Hüquqları haqqında Qanun və digər müvafiq sənədlər haqqında ətraflı məlumat vermiş, bu aktların vətəndaşların hüquq və vəzifələrinin müəyyənləşdirilməsindəki rolundan bəhs etmişdir.