NEWS
16:05, 04.11.2023
Genetik Ehtiyatlar İnstitutunda dəyirmi masa keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 4 noyabr 2023-cü il tarixində “Respublikanın müxtəlif torpaq-iqlim şəraitində pambıq sortlarının müqayisəli qiymətləndirilməsi və genetik kolleksiyanın zənginləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Aqrar Xidmətlər Agentliyi, KTN Əkinçilik Elmi Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, Milli Aviasiya Akademiyasının , həmçinin özəl sektordan MKT MMC, ZB Tarımsal, BASF Azərbaycan, Aqrobiocore, SAS Agro, Türkiyənin Livagro şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak etmişdir.
Tədbiri İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov açmış, fundamental və tətbiqi elm sahələrinin inteqrasiyasının, elmi yeniliklərin transferinin əhəmiyyətindən danışmışdır. O, pambıqçılığın qeyri-neft sektorunda xüsusi əhəmiyyətini vurğulayaraq, bu sahədə elmi müəssisələrin qarşısında duran vəzifələrin vacibliyini qeyd etmişdir.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini b.ü.f.d. Fərman Quliyev çıxış edərək, pambıqçılıq sahəsində mövcud problemlər, onların mümkün həlli yolları haqqında fikirlərini səsləndirmişdir.
Daha sonra çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Fikrət Feyziyev yeni sortların yaradılması prosesinin sürətləndirilməsi və yerli sortların rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində müasir dövrün tələblərinin nəzərə alınmasını qeyd etmişdir.
Görüşün yekununda müzakirə və fikir mübadiləsi aparılmışdır.