NEWS
16:11, 12.10.2023
Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq seminar keçirilir.
Bitki müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (CropTrust) Genbank Əməkdaşlığı üzrə koordinatoru Dr. Janny van Beem Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olmuşdur.
Görüş zamanı GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutun fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində gələcək illərdə görüləcək işlər haqda geniş məlumat vermişdir.
Dr. Janny van Beem də öz növbəsində səfərin məqsədi, bitki genetik ehtiyatları ilə bağlı aparılan fəaliyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılması və bitki müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun Milli genbanklara göstərdiyi texniki yardım barədə danışmışdır.
Daha sonra qonaq GEİ-nin əməkdaşları üçün “Genbankın fəaliyyətinin təkmilləşdirilməsi, xəritələşdirilməsi və müxtəlif fəaliyyətlər üzrə təlimatların hazırlanması” mövzusunda geniş təqdimatla çıxış etmişdir.
Dörd gün davam edəcək seminarda GEİ əməkdaşları ilə fəaliyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə müzakirələr aparılacaqdır.