NEWS
13:44, 20.07.2023
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) İmmunogenetika şöbəsinin elmi işçisi Əminə Rəkidənin biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin şöbələrarası ilkin müzakirəsi keçirilmişdir.

Ə.Rəkidə “Genetika” ixtisası üzrə “Azərbaycanda becərilən ərik bitkisinin genetik müxtəlifliyinin və şarka xəstəliyinə davamlılığının tədqiqi” mövzusunda dissertasiya işini seminar iştirakçılarına təqdim etmişdir. O, göstərmişdir ki, əriyin çox geniş xalq, elmi və introduksiya olunmuş sort və formalarının genetik müxtəlifliyinə baxmayaraq, onlar tam toplanılmamış və zəngin kolleksiyası yaradılmamışdır. Ərik bitkisinin xalq və elmi seleksiya sortlarının genofondunun yaradılması, genetik müxtəlifliyinin qiymətləndirilməsi, xəstəlik və zərərvericilərə davamlılığının öyrənilməsi və yeni sortların yaradılması üçün genofondun toplanılması mühüm əhəmiyyətə malikdir.

Dissertant, həmçinin qeyd etmişdir ki, Azərbaycanda yetişən ərik bitkilərində şarka xəstəliyinə rast gəlinməmişdir. Ölkəmizdə yaradılmış ərik kolleksiyasının sözügedən xəstəliyə davamlılıq genləri müşahidə edilən sort və formalarının müəyyənləşdirilməsi, əlamət kolleksiyasının yaradılması olduqca əhəmiyyətlidir və bu istiqamətdə aparılan tədqiqatlar gələcəkdə bu xəstəliyə davamlı sortların yaradılmasında istifadə oluna bilər.

Şura üzvlərinin rəyləri dinlənildikdən sonra, tədbir iştirakçılarının sualları iddiaçı tərəfindən cavablandırılmışdır.

Tədqiqat işi AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə cavab verdiyindən, Dissertasiya şurasının üzvləri tərəfindən müsbət qiymətləndirilmiş və növbəti mərhələdə müzakirə olunması məqsədəuyğun hesab olunmuşdur.