Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayevin beynəlxalq tərəfdaşlarla uzun illər ərzində üzüm bitkisinin təkamülü üzrə birgə aparılan tədqiqat işinin nəticələri dünyanın ən məşhur “SCİENCE” jurnalında (İmpakt faktor- 63.714) dərc olunub. Məqalə adıgedən jurnalın 2023-cü il 3 mart tarixli, 379-cu cild, 6635-ci nömrəsində yayımlanmışdır. Tədqiqat müddətində müxtəlif ölkələrdə ayrı-ayrı ərazilərdən toplanılan 3525 mədəni və yabanı üzümün tam genomunun sekvenslənməsi həyata keçirilmiş, dərin bioinformatik və biostatistik analizlərlə üzüm bitkisinin ikili mədəniləşmə və mənşə mərkəzinə malik olduğu müəyyən edilmişdir. Elmi tədqiqatçılar tərəfindən ən müasir cihaz və metodikalardan istifadə olunmaqla, analizlərlə sübut edilmişdir ki, üzüm bitkisi 11 min il əvvəl Qərbi Asiya və Qafqazda mədəniləşdirilmiş, süfrəlik və şərablıq sort və formaları yaradılmış və daha sonra bu təcrübə Avropaya keçmişdir. Genom boyu asossiativ xəritələşdirmə metodu ilə üzümün bir sıra əlamətlərini idarə edən genlər və minlərlə tək nukleotid polimorfizmləri identifikasiya olunmuş, eləcə də əldə edilmiş mükəmməl elmi nəticələr üzüm bitkisi üzrə genom seleksiyası istiqamətində gələcək tədqiqatlar üçün elmi nəzəri və praktik cəhətdən geniş imkanlar yaratmışdır. Elmi tədqiqatın nəticəsinin mühüm əhəmiyyətliliyi nəzərə alınaraq “SCİENCE” jurnalının cari nömrəsinin üz səhifəsində üzüm bitkisinin şəkilləri əks etdirilmişdir. Azərbaycana rəhbərliyi dövründə elm və təhsilin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu 2023-cü ildə elmi fəaliyyətini, tədbirləri və uğurlarını öz doktirinasının mühüm istiqamətləri hesab edən GEİ-nin əməkdaşlarını, habelə ölkəmizin bütün elmi ictimaiyyətini Azərbaycan elminin möhtəşəm uğuru münasibətilə təbrik edirik!
Məqalənin tam məzmunu ilə tanış olmaq üçün link: https://www.science.org/doi/10.1126/science.add8655