NEWS
15:20, 02.02.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutunda Gənclər gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2023-cü il 02 fevral tarixində “Azərbaycan Gəncləri Günü ” nə həsr olunan toplantı keçirildi. Toplantıda iştirak edən GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov ilk növbədə müəssisənin bütün gənclərini, elmi işçilərini, doktorant və magistrantlarını gənclər günü ilə bağlı təbrik elədi. Azərbaycan Respublikası dünyada öz tolerantlığı ilə ödə gedən dövlət olmaqla yanaşı, həm də öz demokratikliyi, sülhsevərliliyi, beynəlmiləlçiliyi ilə də seçilən ölkədir. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq gənclər günü Azərbaycanda 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Prezidentin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. Dünyada isə yalnız 1998-ci il ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.İqtisadiyyatın bütün sahələrində, o cümlədən təhsil və elmə yiyələnməsində gənclərə Dövlət tərəfindən daima xüsusi diqqət yetirilir. GEİ-də də gənclər həmişə diqqət mərkəzində olmuşdur, son 20 il ərzində 100 nəfərə yaxın gənc elmi tədqiqat işlərinə cəlb edilmiş, onlarla gənc elmi tədqiqatçı dünyanın tanınmış elmi mərkəzlərinə öz təhsillərini davam etdirməsi və ya istisaslaşma məqsədilə göndərilmişdir. Hazırda institutun 10 nəfər əməkdaşı xarici universitetlərdə doktorantura və post-doktorantura səviyyələrində təhsillərini davam etdirirlər. İnstitutda 2015-ci ildən fəaliyyət göstərən təhsil şöbəsində magistraturanı 4 ixtisas üzrə ümumilikdə 25 nəfər tələbə bitirib və 13 magistrant isə təhsilini davam etdirir.Zeynal Əkpərov milli genofondun beynəlxalq təcrübələrə uyğun səviyyədə tədqiqatı və mühafizə edilməsi istiqamətində ölkənin bioloji elmlər sahəsində inkişafının dayanaqlığına GEİ-nin gənc alim və mütəxəssislərinin öz töhfələrini verəcəyinə əmin olduğunu bildirdi. İnstitutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev gəncləri təbrik edib, ölkəmizdə gənclərə dövlət qayğısının həmişə yüksək olduğunu, müstəqil Respublikanın vətəndaşı olaraq xoşbəxt gənclər olduqlarını bildirib, gələcək elmi fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıb.

 

 

FOTO>>>

 

© www.genres.az