NEWS
17:39, 11.11.2022
Genetik Ehtiyatlar İnstitutunda şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsinə start verildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Elmi Şura üzvlərinin də iştirak etdiyi 2022-ci il 11 noyabr tarixində keçirilən iclasında şöbə və laboratoriyaların illik hesabatlarının müzakirəsinə başlanılmışdır. Elmi Şuranın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov iclası açıq elan etdikdən sonra gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etmişdir. İnstitutun Meyvə bitkiləri, Texniki və yem bitkiləri, Tərəvəz və bostan bitkiləri şöbələrinin illik hesabatları şöbə müdirlərinin, uyğun olaraq b.ü.f.d. Mirzə Musayev, b.ü.f.d. Ruhəngiz Məmmədova və b.ü.f.d. Sabir Həsənovun təqdimatlarında dinlənilmişdir. Hesabatlar müzakirələrlə, verilmiş sualların cavablandırılması, həm də tənqidi yanaşmalar, gələcək elmi tədqiqatların daha yüksək səviyyədə aparılması üçün tövsiyələrin verildiyi şəraitdə keçmişdir. İnstitutun müvafiq struktur bölmələrinin 2022-ci il 30 noyabr tarixində baş çatdırılması nəzərdə tutulan illik hesabatların müzakirəsi davam edir. Bununla belə, İnstitutun Elmi Əsərləri Jurnalının növbəti sayının (cild XI, № 1-2) dərc edilməsi, “Genetika” ixtisası üzrə təqdim olunan “ Azərbaycanda becərilən gilas bitkisinin sort və formalarının genetik müxtəlifliyinin tədqiqi ” mövzusunda iddiaçı Xəyalə İkram qızı Kərimovanın dissertasiya işinin ilkin müzakirə protokolunun təsdiqi, İmmunogenetika şöbəsinin a.e.i., b.ü.f.d. İsmayıl Məcidlinin “ Göbələklər səltənəti ” adlı kitabının nəşrə təqdim edilməsi və s. məsələlər müzakirə olunmuşdur. Tədbirin sonunda prof. Z.Əkpərov institutun Tərəvəz bitkiləri şöbəsinin müdiri, b.ü.f.d. Sabir Həsənovu yubleyi münasibətilə, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilməsi ilə bağlı institutun kollektivi adından təbrik eləmiş və ona gələcək elmi yaradıcılıq işlərində uğurlar arzulamışdır.