NEWS
16:14, 07.10.2022
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşına biologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi potensialının dayanıqlığının təminatçısı olan daha bir əməkdaşına, GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru, Molekulyar genetika və genomika şöbəsinin müdiri Mehrac Əli oğlu Abbasova 2022-ci il 07 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmlər doktoru diplomu təqdim olunmuşdur. Mehrac Abbasov AAK Rəyasət Heyətinin 09.09.2022-ci il tarixli qərarı ilə biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.Diplomu iddiaçıya təqdim edən AAK-nın sədri, professor Famil Mustafayev gənc alim Mehrac Abbasovun elmi yaradıcılıq fəaliyyətini çox yüksək qiymətləndirmiş və ona gələcək elmi işlərində yeni-yeni uğurlar arzulamışdır.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və ABŞ-ın Kanzas Dövlət Universitetinin professoru Bikram Gillin elmi məsləhətçiliyi ilə həyata keçirilən, dünyada və Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına öz elmi nəzəri və praktik əhəmiyyətliliyi baxımdan töhfəsini verən buğda, arpa və onların yabanı əcdadlarının genom səviyyəsində tədqiqinə həsr edilmiş dissertasiya işi Mehrac Abbasovun çoxillik məhsuldar zehni və fiziki əməyi sayəsində uğurla başa çatdırılmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur.

Alimin tədqiqat işində, Azərbaycanda ilk dəfə olaraq Yeni Nəsil Sekvenser və molekulyar marker texnologiyalarından istifadə edilməklə 1088 bitki nümunəsinin sekvens əsasında genotipləşdirilməsi həyata keçirilmiş, növdaxili və növlərarası genetik qohumluq dərəcələri aşkarlanmış, stres amillərə davamlılıq genləri tədqiq edilmiş, genetik cəhətdən fərqli və davamlılıq genlərinə malik olan nümunələr seçilərək seleksiyada istifadə üçün təqdim olunmuşdur. Tədqiqat işinin nəticələri və elmi nəzəri faktlarla sübut edilmişdir ki, Azərbaycan ərazisi adıgedən bitkilərin ilkin yaranma və mədəniləşmə mərkəzlərindən biridir və burada toplanılan bitki nümunələri həm dünya, həm də Azərbaycanda yeni bitki sortlarının yaradılması üçün müstəsna əhəmiyyətə malikdir. Tədqiqat işində, həm də dünyada ilk dəfə olaraq buğda genomunda mövcud olan bütün genetik fərqlilikləri aşkarlamağa imkan verən yeni genom paneli (markerlər toplusu) yaradılmışdır. Bu panel müxtəlif xromosom dəstinə malik fərqli buğda kolleksiyalarında yoxlanılmış və panelin genetik müxtəliflik və qohumluğun tədqiqində səmərəliliyi elmi faktlarla təsdiq edilmişdir.

Dissertasiya işində ilk dəfə olaraq buğda kolleksiyasında duza davamlılığı təmin edən genlərin yoxlanılması həyata keçirilmiş, davamlılıq genlərinə malik nümunələr aşkar olunmuş, eləcə də əks transkriptaza metodu ilə davamlılığın molekulyar-genetik və fizioloji mexanizmləri müəyyən edilmişdir. Həmçinin arpa bitkisində göbələk xəstəliklərinə davamlılığı laboratoriya şəraitində təyin etməyə imkan verən markerlər müəyyən olunmuşdur. İlk dəfə olaraq, buğda sort və

formalarında molekulyar marker texnologiyasının ən qabaqcıl üsulu hesab edilən KASP texnologiyasından istifadə edilmişdir ki, bu üsul hər-hansı irsi əlaməti idarə edən genlərin spesifik bölgələrinin qısa vaxt ərzində artırılaraq təyin olunmasına imkan verir. Qeyd edilən texnologiya ilə kolleksiyada qiymətli təsərrüfat əlamətlərini idarə edən 11 gen üzrə yoxlanılma aparılmış və yeni, qiymətli gen mənbələri aşkarlanmışdır.

Alimin böyük fundamental və praktik əhəmiyyətli elmi nəticələrinin ehtiva olunduğu dissertasiya işində müxtəlif mədəni və yabanı buğda, arpa, həmçinin eqilops növləri üçün böyük həcmdə yeni, yüksəkkeyfiyyətli genetik markerlərin aşkar edilməsi, hər bir növ üçün aşkar olunmuş genetik marker dəstinin fərqli kolleksiyalarda populyasiya genomikası, təsərrüfat əhəmiyyətli əlamətlərin, xüsusən növmüxtəlifliyi əlamətlərinin genomda xəritələşdirilməsinə imkan verir ki, bu da gələcək tədqiqatlar üçün mühüm verilənlər bazası və qiymətli elmi-praktik mənbə rolu oynamaqla yanaşı, həm də müvafiq istiqamətdə elmi tədqiqatların davamlılığı üçün elmi nəzəri mənbə əhəmiyyəti kəsb edir. Bundan başqa, həm də stress amillərə qarşı yüksək davamlılıq göstərən nümunələr isə yeni, daha məhsuldar davamlı sortların yaradılmasında əvəzolunmaz genetik material kimi istifadəyə təqdim olunmuşdur.

Mehrac Abbasovun 120-dən artıq elmi əsəri dərc olunmuşdur ki, onlardan da 40-dan çox məqaləsi beynəlxalq bazalarda indeksləşən və impakt faktorlu jurnallarda yayımlanmışdır. M.Abbasovun beynəlxalq elmi əsərlərinə 600-dən artıq istinad olunmuşdur ki, onların da əksəriyyəti beynəlxalq nüfuzlu elmi müəssisələrin alimləri tərəfindən edilmişdir. Onun həm-müəllifliyi ilə 5 sort (bərk buğda: “Maya” və “Korifey-88”; yumşaq buğda: “Start” və “Cənub”; arpa: “Cəmil” ) rayonlaşdırılaraq patent və müəlliflik şəhadətnaməsi alınmışdır.

GEİ-də 2003-cü ildən işlədiyi müddətdə Mehrac Abbasov, həmişə üzərində ciddi çalışan, öz elmi biliyini zənginləşdirməklə, dissertasiya işlərinin aparılması ilə yanaşı, digər həmkarlarına da elmi tədqiqatların aparılmasında əməli köməklik göstərmişdir. Elmi fəaliyyəti dövründə institutu,ölkəmizi beynəlxalq aləmdə müvafiq fəaliyyət sahəsində layiqincə təmsil etmişdir. Dünyanın nüfuzlu elmi proqramlarının, “Vavilov Frankel əməkdaşlıq proqramı”, “Erasmus Mundus post-doktorantura proqramı”, “Marie Küri adına beynəlxalq tədqiqatçı mübadiləsi proqramı”, “Norman Borlauq adına beynəlxalq əməkdaşlıq proqramı”, “Fulbright post-doktorantura proqramı”nın dəfələrlə qalibi olmuş və bu proqramlar çərçivəsində genetika, genomika və biotexnologiya sahələri üzrə dünyanın aparıcı universitetlərində və elmi mərkəzlərində (Avstraliyanın Funksional Genom Mərkəzi (2008), Yunanıstanın Aleksandr Texnologiya Universiteti (2009), Fransanın Aqrar Tədqiqatlar Mərkəzi (2011), ABŞ-ın Kanzas Dövlət Universiteti (2012), ABŞ-ın Şimali Dakota Dövlət Universiteti (2016), Beynəlxalq İCARDA və CİMMYT təşkilatı və Türkiyənin müxtəlif universitetləri (2007-2017-ci illər)) tədqiqat işləri aparmış, dünyanın aparıcı beyin mərkəzlərində istifadə olunan ən müasir tədqiqat metodlarını öyrənərək Azərbaycana gətirmiş, onları optimallaşdırmışdır. O, dissertasiya işi ilə yanaşı, həm də Azərbaycanda ilk dəfə olaraq nar və ərik bitkilərinin genomlarının oxunması layihələrinin də əsas iştirakçılarından biri olmuş, həmin layihələrin uğurla yekunlaşdırılmasında və

nəticələrinin beynəlxalq jurnallarda dərc etdirilməsində bilavasitə istirak etmişdir. GEİ-də yeni stuktur bölmənin, Molekulyar genetika və genomika şöbəsinin yaradılmasında və həmin şöbənin tərkibində İnsan genetikası və Beynəlxalq kompüter genomikası laboratoriyalarının təşkil olunmasında yaxından, aktiv olaraq iştirak etmişdir.Hal-hazırda Mehrac Abbasov müxtəlif bitkilərin molekulyar-genetik səviyyədə tədqiqi üzrə GEİ-də aparılan tədqiqatların, eləcə də Avropa Komissiyasının COST proqramının 7 böyük layihəsi üzrə həyata keçirilən genetik tədqiqatların aktiv iştirakçılarındandır.

Mehrac Abbasovun elmi rəhbərliyi ilə GEİ-də, Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində 14 magistrant hazırlanmışdır. O, hal-hazırda 3 doktorantın və 2 magistrantın elmi rəhbəridir.

Mehrac Abbasov GEİ-nin Elmi Şurasının üzvü (2009-cu ildən), genetik modifikasiya olunmuş bitkilər üzrə Ekspert Şurasının sədri (2012-ci ildən), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının genetik modifikasiya olunmuş orqanizmlər üzrə milli əlaqələndirici (2013-cü ildən), BMT-nin İnkişaf Proqramının aqrobiomüxtəliflik üzrə eksperti (2017-ci ildən) və Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.26 nömrəli Dissertasiya Şurasının üzvüdür (2020-ci ildən), Türkiyənin tanınmış “Turkish Journal of Agriculture and Forestry” junralının (İmpakt Faktor-2.70) redaksiya heyətinin üzvü,GEİ-nin Elmi Əsərləri jurnalının Baş redaktorunun müavinidir.

GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov başda olmaqla institutun bütün kollektivi Mehrac Abbasovu biologiya elmləri doktoru elmi dərəcəsi almağı münasibətilə təbrik edir və ona möhkəm can sağlığı şəraitində gələcək elmi fəaliyyətində uğurlar arzulayır.