Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Molekulyar genetika və genomika şöbəsinin elmi işçisi Nəzərova Aynurə Bəhruz qızı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak etmiş və doktorantura təhsilini dünyanın tanınmış nüfuzlu universitetlərindən biri olan Almaniya Federativ Respublikasının Goethe Frankfurt Universitetində (University Hospital Frankfurt) “Molekulyar Genetika” ixtisası üzrə davam etdirmək üçün təqaüd qazanmışdır. Goethe Universiteti dünyanın ən yaxşı 250 universiteti siyahısındadır və Almaniyanın 15 ən güclü universitetindən biridir.
Aynurə Nəzərova doktorantura proqramı çərçivəsində “İn-vitro erkən nevroloji inkişafa neyropsixi pozuntularla bağlı genetik variantların təsirləri” mövzusunda elmi tədqiqat işini Universitetin professoru Andreas G. Chiocchettinin elmi rəhbərliyi ilə yerinə yetirəcəkdir.
Aynurə Nəzərova Bakı Dövlət Universitetinin Biologiya fakultəsininin bakalaviaturasını 2011-ci ildə, magistraturasını isə 2014-ci ildə bitirmiş və 2015-ci ildən GEİ-də işləyir və işlədiyi müddətdə bir sıra yeni molekulyar genetik metodları mükəmməl mənimsəmiş, eləcə də ingilis dilini yüksək səviyyədə öyrənərək beynəlxalq sertifikat əldə etmişdir. Elmi nəzəri və praktik tədqiqatları sahəsində potensial kadrlarının səviyyəsi ilə ölkədə və beynəlxalq aləmdə tanınan GEİ -nin öz alimləri ilə fəxr etməyə haqqı vardır. İnstitutun elmi işçisi, Goethe Frankfurt Universitetinin “Molekulyar Genetika” ixtisası üzrə təqaüdçüsü Aynurə Nəzərovaya təhsilini davam etdirməsi və başa vurması yolunda müvəffəqiyyətlər arzulayırıq.