NEWS
12:22, 26.08.2022
Genetik Ehtiyatlar İnstitutu ilə Pakistanın Molekulyar Biologiya Mükəmməllik Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

26 avqust, 2022-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Pakistanın Punjab Universitetinin Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki elm, təhsil və texnologiya sahəsində əməkdaşlıq müqaviləsi imzalamışlar.

Müqaviləyə əsasən təşkilatlar tədqiqat və təhsil proqramlarının mübadiləsi, yeni təhsil proqramlarının hazırlanması, konfrans və seminarların keçirilməsi, yerli və beynəlxalq elmi tədqiqat layihələrinin hazırlanması, magistrant, doktorant, eləcə də professor müəllim heyətinin mübadiləsi, birgə magistrant və doktorant hazırlığı, yüksək texnologiyalardan istifadə etməklə birgə tədqiqatların aparılması, yeni bitki sortlarının yaradılması və beynəlxalq məqalələrin hazırlanması sahələrində əməkdaşlıq edəcəklər.

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qeyd etmişdir ki, Genetik Ehtiyatlar İnstitunun Elm və Təhsil Nazirliyinin tərkibinə verilməsi ilə dünyanın tanınmış universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək ixtisaslı kadrların hazırlanması sahəsində ikili diplom proqramlarının yaradılması üzrə geniş imkanlar açılmışdır. Bu imkanlardan istifadə etməklə İnstitutda təhsillə bağlı fəaliyyətlər daha da genişləndiriləcək, magistr və doktorant hazırlığı sahəsində dünyanın yüksək reytinqli universitetlərinin təcrübəsindən geniş istifadə ediləcək, beynəlxalq təhsil proqramlarına qoşulmaq üçün addımlar atılacaq, eləcə də Pakistanın Punjab Universiteti ilə biologiya elminin müasir istiqamətlərində ikili magistr və doktorluq proqramlarının hazırlanması həyata keçiriləcəkdir. Z.Əkpərov qeyd etmişdir ki, GEİ ilk dəfə olaraq dost Pakistanın elmi təşkilatı ilə müqavilə imzalayır və əmindir ki, bu müqavilə planlaşdırılan sahələrdə elmi əməkdaşlığın güclənməsinə təkan verəcəkdir.

Professor Kausar Maliki Genetik Ehtiyatlar İnstitutunda mövcud olan müasir elmi infrastrukturu, yüksək kadr potensialını, aparılan tədqiqatları, əldə edilən elmi nəticələri, eləcə də təhsil sahəsində İnstitutun fəaliyyətini yüksək qiymətləndirmiş və bildirmişdir ki, hal-hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Genetik Ehtiyatlar İnstitutu ilə birgə həyata keçiriləcək layihə çərçivəsində GEİ ilə əməkdaşlıq əlaqələri genişləndiriləcəkdir. Prof. Maliki imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyəti və planlaşdırılan fəaliyyətlərin vaxtında icra edilməsinin elm və təhsil sahəsində ciddi nailiyyətlərin əldə edilməsinə inamını ifadə etmişdir. O qeyd etmişdir ki, Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin professor müəllim heyəti elm və təhsil sahəsində Genetik Ehtiyatlar İnstitutu ilə həvəslə əməkdaşlıq etmək niyyətindədirlər.

Görüşdə İslam İnkişaf Bankının, Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin və Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak etmişlər.